Azərbaycan Premyer Liqasının XX turunun "Neftçi" - "Xəzər Lənkəran" matçı azarkeşlərin komandalarını dəstəkləməkdən daha çox rəqib azarkeşləri təhqir etmələri ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, futbolçular arasında olan gərginlik, azareşlərə də sirayət edib. Belə ki, oyun zamanı tribunlara cəmləşmiş hər iki komandanın fanklublarının üzvləri bir-birlərini təhqir ediblər. Təhqirlərdə "Flaqman" və "Fırtına" fanklubun üzvləri fəallıq göstəriblər. Bundan əlavə, "Neftçi" azakeşləri partlayıcı (fişəng) və alışqan maddələrdən də istifadə ediblər. İntizam komitəsinin Flaqmanı cəzalandıracağı gözlənilir.
Oyun
zamanı "Neftçi" azarkeşlərindən fəallıq göstərən bir nəfər azyaşlı isə
qışqırmaqdan və izdihamdan huşunu itirib. Hadisə yerinə öncə dərhal
komandaların həkimləri, daha sonra isə təcili tibbi yardım maşını gəlib. Həkimlərin
ilkin müdaxiləsindən sonra azarkeş təcili tibbi yardım avtomobili ilə
stadiondan çıxarılıb və avtomobildə lazımi köməklik göstəriləndən sonra yenidən
tribunaya qayıdıb.
Onu da qeyd edək ki, "Neftçi" klubunun mühafizə xidmətinin əməkdaşlarının jurnalistlərlə kobudluqla rəftarı və qələm sahiblərinin öz işini yerinə yetirməsinə mane olmaları baş verən hadisəni lentə almağa imkan verməyib.
Elgün VİDADİOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə