Emin Abbasov: \"Qərarı dəyişəcək insan mən deyiləm\" -MÜSAHİBƏ

Emin Abbasov: \"Qərarı dəyişəcək insan mən deyiləm\" -MÜSAHİBƏ

\"Futbol saatı\" verilişinin aparıcısı Emin Abbasovun müsahibəsi

- Babək Quliyev \"Futbol saatı\"ndan niyə getdi?
- Bilmirəm. Mənə də dedilər ki, Babək Quliyev verilişdən ayrılıb. Səbəblərinə gəlincə, mənə bu haqda heç kim heç bir şey deməyib. Tamaşaçılar bunu bir az səhv başa düşür. Elə bilirlər ki, aparıcı verilişin rəhbəridi. Amma əslində belə deyil. Aparıcının işi yalnız verilişi aparmaqdı. Qonaqların gətirilməsi, kimin çağırılması mənə aid məsələ deyil. Əvvəldən də belə olub. Babək Quliyevin niyə getməsi haqda mənə məlumat verən olmayıb. Sadəcə deyildi ki, veriliş I gün başlayacaq. Babək Quliyevin də verilişdən gedəcəyini həmin vaxt bildim.

- Bəs Babək Quliyevi kim əvəzləyəcək?
- Bu haqda mənə heç nə deməyiblər. Amma mətbuatda gedən söhbətlərə görə Xaqani Məmmədovun iştirak edəcək. Yəqin ki, bu gün və yaxud sabah dəqiqləşəcək. Rəhbərlik hər şeyi böyük ölçüdə qərarlaşdırıb.

- Verilişin digər daimi qonaqları necə, dəyişdirilib?
- Kamal Quliyev artıq verilişdə iştirak etməyəcək. Ürfan Məmmədli ilə bağlı isə hələ dəqiq bir şey bilmirəm. Ola bilər ki, dəyişdirilsin.

- Deyilənə görə, Kamal Quliyevi \"Qarabağ\"ın kapitanı Aslan Kərimov əvəzləyəcək.
- Düzdü.

- Bizdə olan məlumata görə, sənin də verilişdən uzaqlaşdırılmağın gündəmdə olub...
- Mənə bu barədə heç nə deyilməyib. Həmişəki kimi işimi davam etdirirəm.

- Necə fikirləşirsən, Babək Quliyevin gedişi verilişə marağı azaltmayacaq? Hakimlikdən uzaqlaşdırılmış Babək Quliyevin bu verilişdə iştirak etməsi tamaşaçı kütləsini daha da artırırdı...
- Mən də elə düşünürəm ki, Babək Quliyevin iştirakı verilişə əlavə rəng qatırdı. Yaxşı tamaşaçı kütləsi topladıq. İstənilən halda bu qərarı dəyişəcək insan mən deyiləm. Mən hər zamankı kimi obyektivliyi qorumağa çalışacam. Ağı ağ, qaranı qara deyəcəm. Üzərimə düşən vəzifələri yerinə yetirməyə çalışacam.

- Babək Quliyevi Xaqani Məmmədov əvəzləsə, onun bir AFFA rəsmisi kimi şərhləri və təhlilləri nə dərəcədə obyektiv olacaq?
- Bunu onun öz vicdanın öhdəsinə buraxmaq lazımdı. Xaqani Məmmədov bu sahəni bir hakim kimi bizdən daha yaxşı bilir. O, Hakimlər Komitəsinin sədridi. Yəqin ki, obyektiv olmağa çalışar. Bu suala konkret cavab verə bilmərəm. Mən öz gördüyümü, bildiyimi deyəcəm. Yenə deyirəm, həmişəki kimi obyektiv olmağa çalışacam.

İlkin Vidadioğlu
fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə