Neçə vaxtdır ki, İngiltərənin "Çelsi" futbol klubunun rusiyalı sahibi Roman Abromoviç bir sıra səs-küylü transferlər reallaşdıraraq dünya futbolunun diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, rusiyalı milyarderin bir sıra tanınmış ulduz futbolçuları milyonlarla dollar vəsait hesabına "Zadəganlar"ın heyətinə qatmasından sonra nəhayət ki, onun bir az sakitləşəcəyini düşünənlər, sən demə bərk yanılıblarmış. Məsələ burasındadır ki, bu il nəyin hesabına olursa olsun İngiltərə Çempionluğunu başı üzərinə qaldırmağı hədəfləyən R.Abromoviç, futbolçularla yanaşı, məşqçilər korpusuna da "əl gəzdirmək" istəyinə düşüb. İtaliyalı futbol mütəxəssisi Karlos Ancelottidən istədiyini ala bilməyən klub presidenti, indi də baş məşqçi postunda dəyişiklik etmək istəyir. Belə ki, ingilis klubunun rusiyalı prezidenti, 2009-cu ilin 3 ayı ərzində "Çelsi"nin sükanı arxasında olmuş, hazırda isə Türkiyə Milli Komandasını çalışdıran hollandiyalı futbol mütəxəssisi Quss Hiddinqə baş məşqçi postunu həvalə etmək istəyir. Bunun üçün onun həm Q.Hiddinqi, həm də Türkiyə Futbol Federasiyasının rəhbərliyini razı salmağa çalışdığı deyilir. İngiltərənin məşhur "Daily Mail" qəzeti, İngiltərə Premyer Ligasında son aylar yaxşı futbol sərgiləməyən və getdikcə çempionluqdan uzaqlaşmaqda olan "Çelsi"nin bu böhrandan çıxması üçün R.Abramoviçin Q.Hiddinqlə birgə plan hazırlamaq niyyətində olduğunu yazır. Qəzet yazır ki, R.Abromoviç komandasının bu durumdan çıxması üçün yalnız və yalnız Q.Hiddinqə güvənir. İngilis mətbuatının iddiasına görə, rusiyalı milyarder hollandiyalı mütəxəssisi klubuna gətirmək üçün bütün imkanlarını işə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB