Formula-1 üzrə Avropa Qran-Prisinin açılış mərasimi keçirilib FOTOLAR
Bakıda Formula-1 üzrə Avropa Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, öncə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət açılış mərasimində rol alıb.
Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır.
Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtiras Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçiblər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırıb.
Alovdan sonra açılış mərasiminin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı "ağuşuna alıb". Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradıblar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparıb, göz önündə mavi Xəzərin suları canlanıb.
Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. "Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al", - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir.














Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB