Berni Ekklstoun: "Bakı trası yürüşçülərdən müəyyən cəsarət tələb edir" MÜSAHİBƏ

Berni Ekklstoun: "Bakı trası yürüşçülərdən müəyyən cəsarət tələb edir" MÜSAHİBƏ

Formula-1 menecmentinin başçısı Berni Ekklstoun jurnalistlərə artıq gələn il çempionatın təqvimindən çıxarıla biləcək bəzi klassik Qran-Prilər barədə məlumat verib.

-İtaliya Qran-prisinin Montsada keçirilməsi haqqında müqavilənin müddətinin uzadılması işlərinin necə getdiyini açıqlaya bilərsiniz?

-Biz İtaliya tərəfi ilə bu barədə danışmışıq...

-Razılığa gələ bildinizmi? İrəliləyiş varmı?

-İtaliya Milli Avtomobil İdmanı Federasiyasının bunu dəstəkləməsi üçün müəyyən mənada ona bel bağlamalıyıq. Amma əgər yürüş Montsada keçirilməsə, onlar İmolanı dəstəkləmək istəsələr, buna da razıyıq.

-Amma Montsanın çempionatın təqvimində qalması şansı nə dərəcədə yüksəkdir?

-Hələlik bilmirəm.

-Siz qəti qərar qəbul etməkdən ötrü Montsa üçün son müddət müəyyən etmişiniz?

-Yox, amma onlar bilirlər ki, hansı vaxtadək bu qərarı qəbul etmək lazımdır, çünki söhbət bizim bu yürüşü təqvimə daxil edib-etməyəcəyimizdən gedir.

-Formula-1 yürüşünü qəbul etmək üçün İmolada yetərincə yaxşı tras və infrastruktur varmı?

-Düşünürəm ki, var. Orada irimiqyaslı işlər davam etdirilir.

-Deməli, İtaliyanın bu və ya digər dərəcədə təqvimdə qalması şansı hələ də var?

-Ümidvaram ki, belədir. Amma qərar İtaliya Milli Federasiyasından asılıdır.

-Felipe Massa bir neçə gün əvvəl bildirmişdi ki, Braziliya Qran-prisinin təqvimdən çıxarılmasından ehtiyat edir və bu ehtimal çox yüksəkdir. Səbəb ölkəni bürüyən iqtisadi problemlərlə bağlıdır...

-Düşünürəm ki, o, haqlıdır.

-Hər halda Braziliya yürüşünün təqvimdə qalması ehtimalı nə dərəcədə yüksəkdir?

-Felipe haqlıdır və gələn il yürüş artıq baş tutmaya bilər.

-Braziliya Qran-prisinin təşkilatçıları yürüşün keçirilməsi haqqının azaldılması xahişi ilə sizə müraciət ediblərmi? Bəlkə müddətin uzadılaraq başqa vaxta keçirilməsini müəyyən qərara gəlmək üçün istəyiblər?

-Yox. Yürüşün təşkili ilə məşğul olan adam yaxşı biznesmendir və praktiki kateqoriyalarla düşünür.

-Ötən il Meksikadakı yürüş "uik-endi" günlərində Argentina Qran-prisinin bərpasının mümkünlüyündən danışırdılar. Bu mərhələ Braziliyaya alternativ ola bilərmi?

-Biz daim Argentina tərəfi ilə danışıqlar aparırıq. Yürüşü bu ölkədə keçirə bilərik, amma təklif olunan yerdən razı deyilik. İstəyirik ki, yürüş Buenos-Ayresdə keçirilsin.

-Luis Hamilton dünən deyib ki, onun bəzi rəqibləri təhlükəsizlik ilə bağlı problemlərdən, trasların nahamar olmasından çox şikayətlənirlər. Bu barədə nə düşünürsünüz?

-Düşünürəm ki, o, haqlıdır. Əgər onlar Formula-1-də çıxış etmək istəmirlərsə, bunu etməyə borclu deyillər. Qərar onlarındır. Tras xoşlarına gəlmirsə, qoy evlərinə yollansınlar. Zənnimcə, Bakı trası yürüşçülərdən müəyyən cəsarət tələb edir. Məncə, pit-leyndə girişə yaxınlaşan sürətdən ən çox şikayət edənlərdən biri Niko Rosberq idi. O vaxt demişdim: "Baxın görün, ümumiyyətlə onun maşınında tormoz varmı?" Axı hansı sürətlə gedəcəyi məhz ondan asılıdır.

-Amma Çarli Uaytinq pit-leynə girişin konfiqurasiyasını və nişanların yerini artıq dəyişib.

-Bu yürüşü sınaq yürüşü adlandırmaq olar. Yeni trasda ilk yürüş keçiriləndə biz həmişə nəyin düzgün, nəyin yanlış olmasına baxırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə