Turistlər və şəhər sakinləri Formula-1 yarışlarını maraqla izləyirlər FOTOREPORTAJ - VİDEO

Turistlər və şəhər sakinləri Formula-1 yarışlarını maraqla izləyirlər FOTOREPORTAJ - VİDEO

Bakıda Formula-1 üzrə Avropa Qran-Pri yarışlarına start verilib. SİA-nın məlumatına görə, yüksək səviyyədə təşkil olunmuş yarışlarda hər biri 2 pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır. Bu gün "Formula-1" və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə 1-ci yarış keçiriləcək. Nəhayət, sonuncu gün - iyunun 19-da Avropa Qran-Pri yarışları, həmçinin GP2 üzrə 2-ci yürüş baş tutacaq.

Yarış bütün dünyada olduğu kimi, Azərbaycanda da insanlar tərəfindən böyük marağa səbəb olub. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyir.

Turistlər və yerli əhali mötəbər yarışın Bakıda keçirilməsini və təşkilati işləri yüksək qiymətləndirirlər:

Yensen - turist

İlk dəfədir Azərbaycanda oluram. Formula-1 yarışlarını izləmək üçün Danimarkadan gəlmişəm. Dünən gəldiyimə görə, Bakını çox gəzmək imkanım olmayıb. Ancaq indiyədək gördüklərim çox xoşuma gəlir. Yarışın təşkilatçılığı yüksək səviyyədədir. Yenidən Azərbaycana gəlməyi düşünürəm.

Yakob - turist

Mən də Danimarkadan gəlmişəm. Formula-1 yarışlarını izləməyi çox xoşlayıram. Bakı gözəl şəhərdir. Burada yarışlara baxmaq zövqvericidir. Azərbaycanda əsl Formula-1 bayramı yaşanır. Burada olmaqdan məmnunam.

Şəhərinizi gəzmək istəyirəm. İnsanlar qonaqpərvərdi. Burada qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb.

Pavel Nikiforov - "Renault" şirkətinin nümayəndəsi

İlk dəfədir ki, Azərbaycandayam. Formula-1 yarışları Azərbaycanın dünyada daha da tanıdılması üçün gözəl şansdır. Ardıcıl 5 il Formula-1 yarışları ölkəmizdə keçiriləcək. Trekin keyfiyyəti haqda pilotlarla danışmışam. Yollar çox keyfiyyətli qurulub. Trasın İçəri Şəhərdəki ensiz yollarını keçmək üçün pilotlar diqqətli olmalıdırlar. İçəri Şəhərin özü də çox gözəldir. 3 gün müddətində keçiriləcək yarışların yüksək səviyyədə olacağına əminəm.

Elçin Qasımov - şəhər sakini

Formula-1 yarışlarının ölkəmizdə keçirilməsi əhəmiyyətlidir. Bu yarış bütün dünyada sevilir. Azərbaycanın dünyada öz mədəniyyətini tanıtmaq, potensialını göstərmək üçün böyük şansı var. Bütün dünyanın nəzəri Azərbaycan yönəlib. Belə mötəbər beynəlxalq yarışların ölkəmizdə keçirilməsi turizmin inkişafı üçün də vacibdir.

Bakir Həşimov - şəhər sakini

Şadam ki, Azərbaycanda belə möhtəşəm yarışlar təşkil olunur. Mən Vətənimlə fəxr edirəm. Bütün dünya Azərbaycanın gücünü görür. Ölkəmizin nüfuzu dünyada daha da artacaq. Azərbaycanın sürətli inkişafını hər kəs görəcək. Bir neçə bilet almışam. Uşaqlarımla birlikdə yarışlara baxacağıq.

Qeyd edək ki, yarış trekinin uzunluğu 6 km-dir.

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trek elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.

Layihənin müəllifi bütün müasir "Formula-1" treklərinin memarı olan Herman Tilkedir.

Trekdə yarış avtomobilləri saat əqrəbinin əks istiqamətində hərəkət edir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metrdir.

Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə