İstanbulun "Qalatasaray" futbol klubu dünən öz meydanında Türkiyə Superligası çərçivəsində keçirdiyi növbəti oyunda, tərəfdarlarına böyük sevinc bəxş edib. Siasport.az saytı xəbər verir ki, "Türk Telekom Arena"da keçirdiyi ikinci rəsmi qarşılaşmasında da qələbə sevinci yaşayan İstanbul təmsilçisi, vurduğu qollarla və göstərdiyi futbol şousu ilə yenidən zirvədəki günlərini geri qaytarmaq gücündə olduğunu ortaya qoyub. Son iki səfər oyununda məğlubiyyətlə qarşılaşan "Qalatasaray", bir növ bu məğlubiyyətlərin də acığını Türkiyə Superligasında 8 oyundur ki, yenilməyən "Eskişehirspor" klubundan alıb. Artıq qarşılaşmanın 10-cu dəqiqəsində Sabri Sarıoğlunun 30 metrdən vurduğu zərbə rəqib qapısı qarşısında dayanan Canaya toxunaraq istiqamətini dəyişib və tora daxil olub. Bu qoldan cəmi 3 dəqiqə sonra isə "Fənərbaxça"dan transfer olunan Kazımın gözəl ötürməsini Stancu qola çevirib: 2-0. Artıq oyunda bütün nəzarəti əlinə alan İstanbul təmsilçisi, rəqib komandanın futbolçularına zərbə mövqeyinə çıxmaq üçün bircə dəfə də şans verməyib. Birinci hissənin 44-cü dəqiqəsində isə "Qalatasaray"ın avstraliyalı ulduzu Kevell gözəl qol vuraraq hesabı 3:0 "Qalatasaray"ın xeyrinə dəyişib. Qarşılaşmanın ikinci hissəsində isə vəziyyət tamamilə dəyişməyə başlayıb. Məsələ burasındadır ki, oyunun 77-ci dəqiqəsində əvvəlcə Burhanın, 81-ci dəqiqədə isə "Qalatasaray"ın sabiq futbolçusu Ümit Ümit Karanın vurduğu qollar "Qalatasaray" azarkeşlərinin ürəklərini ağızlarına gətirib. Hesabın birdən birə 3:2-yə qalxması meydan sahiblərini təşvişə salıb. "Qalatasaray"ın qapısına vurulan qollardan qəzəblənən tərəfdarlar, İstanbul klubunun yeni qapıçısı Zapotanın deyilənlərin əksinə olaraq zəif qapıçı olduğuna şahidlik ediblər. Amma "Qalatasaray" oyunun elə 81-ci dəqiqəsindəcə Milan Baroşun vurduğu qolla 4:2 hesablı qələbəsini rəsmiləşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB