- Toplanışdan çox razı qaldım. Hər şey istədiyimiz kimi keçdi. Buna baxmayaraq, bir oyunçumuz zədələndi. Daha iki oyunçumuzun milli komandadan qayıtmasını gözləyirik. Həmçinin hazırda Qəbələdə havanın qarlı olması hazırlığımıza bir az mənfi təsir görsərir. Bir az da çempionatın formatından razı deyiləm. Düşünürəm ki, bu üç oyunu qış fasiləsinə qədər keçirmək daha məqsədəuyğun olardı. Belə də komandalar hazırlıqlarını buna uyğun qurardılar. Komandaya yeni gələnlərə vaxt lazımdı ki, bir yerdə oynayıb komanda oyununa, bizim sistemə uyğunlaşsınlar. Fikrimcə, bu mənada "Qarabağ"ın böyük problemi olmayacaq. Çünki onlar artıq bir neçə ildi eyni heyətlə çıxış edirlər.
- Yeni transferlərlə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Bundan sonra transfer gözlənilir?
- Yeni futbolçularımızın hər birindən razı qaldım. Məhz buna görə də onlarla müqavilə imzalandı. Fikrimcə, 4 yeni futbolçu komandanı gücləndirəcək. Amma heyətə yenə 2-3 futbolçu cəlb etməliyik ki, avrokuboklara vəsiqə uğrunda yarışaq. Amma bu transfer pəncərəsi bağlanana qədər yeni oyunçu almayacağıq. Ümumilikdə isə bu transfer pəncərəsi dövründə yaxşılığa doğru irələyişə nail olduq.
- Murad Hüseynovla bağlı fikirlərinizi bilmək istəyirik. Gənc hücumçudan nələr gözləyirsiniz?
- Mən onun oyununu bəyəndim və bu səbəbdən müqavilə imzaladıq. Murad bizə hücum xəttində seçim etməyə imkan verəcək. O, sərəncamımda olan digər hücumçulardan tam fərqli bir xüsusiyyətə sahib olan futbolçudu. Hündür boyludu, fiziki gücə malikdi, oyunda çox yaxşı təsir bağışlayır. Hazırda bizdə belə keyfiyyətlərə sahib hücumçu yoxdu.
- Ən uğurlu transferiniz hansıdır?
- Heyətə qatdığımız hər bir futbolçu bizim üçün uğurlu transferdir. Nuran Qurbanov gənc və perspektivli bir oyunçudur. Murad Hüseynov isə fiziki cəhətdən özünü yaxşı görsətdi. Orta sahəyə bir oyunçu lazım idi. Bu boşluğu Əl Banqura dolduracaq. Con Kollinsə gəldəkdə, yaxşı hücumçudu. Onu düzgün istiqamətləndirə bilsək və gözlədiyimiz oyunu sərgiləsə, bizə çox kömək edəcək.
- İlk turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyə bilərsiniz?
- Hər iki komandanı çox çətin oyun gözləyir. Çünki rəqibin heyətində zədəli və təlim-məşq toplanışını yarımçıq qoyub millinin düşərgəsinə yollanan çox sayda oyunçu var. "Qarabağ"ın son illər Avroliqada göstərdiyi uğurlu oyun komandanın səvəyyəsindən xəbər verir. Fikrimcə, ölkədə ən yaxşı ötürmə verən komanda məhz "Qarabag"dır.
- Sizcə, "Qəbələ" ilk "altılığ"a düşə biləcək?
- Biz indi yeni komanda yaradırıq. "Qəbələ" inkişaf edir. Bu dönəmdə 1-ci ya 2-ci "altılıq" barəsində danışmaq hələ tezdi. Çünki həm 1-ci, həm də 2-ci "altılığ"ın özünün müsbət və mənfi cəhətləri var. Götürək AZAL-ı (ötən mövsüm bu komanda "Olimpik-Şüvəlan" adlanırdı). Onlar ötən mövsüm ikinci "altılıq"da idi. Bundan istifadə edib, düzgün inkişaf yolu seçdilər və komanda bu mövsüm qazandığı nəticələrlə yoluna davam edir. Qış transfer pəncərəsi dövründə bir neçə oyunçu ilə gücləndik. Yayda daha 2-3 futbolçu alacağıq. İndi isə komanda keçid və uyğunlaşma dövründədi. Bu gün futbolçularımız bir yerdə oynayıb uyğunlaşmalı, bir-birilərini başa düşməli, xətlərarası əlaqə qurulmalıdırlar. Təbii ki, bu işləri görmək üçün zamana ehtiyac var.
- "Qəbələ" "altılığ"a düşsə, hədəf nə olacaq?
- 1-ci və 2-ci "altılıq"da olmağın fərqi yoxdu. Çünki mənim hədəfim eynidi. Biz gələn mövsüm Avropa kuboklarına vəsiqə qazanmağa qadir olan komanda yaratmağa çalışırıq.
- "Altılığ"a düşmək uğrunda əsas rəqibiniz hansı komandadır?
- Mən rəqiblərimə fikir vermirəm. Çünki məni öz komadam maraqlandırır. Təbii ki, öndə gedən klublardan biri olmağı, güclü klub yaratmağı, inkişaf etməyi, yaxşı nəticələrə imza atmağı mən də istəyirəm. Lakin bütün bu işləri bir gecənin içində etmək olmaz. Zamana ehtiyacımız var.
İlkin Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB