Tanınmış idman jurnalistləri Azərbaycan futbol klublarının yeni transferlərini qiymətləndirdilər - SORĞU

Tanınmış idman jurnalistləri Azərbaycan futbol klublarının yeni transferlərini qiymətləndirdilər - SORĞU

Məlum olduğu kimi, Azərbaycan futbol klubları qış transfer dövründə həyətlərini yeni futbolçularla gücləndirdilər. Klublarımız bir çox legionerlər transfer etdilər. Hansı klubun transfer etdiyi legionerlərin komandasına Azərbaycan Premyer Liqasında daha çox yararlı olacağı, keyfiyyət baxımından daha çox xeyir verəcəyi maraqlıdır. Düzdür hələ ki, matç zamanı Azərbaycan Çempionatında bu futbolçuların oyunlarını görmədən bu barədə danışmaq heç də asan deyil, ancaq transfer siyasətində hansı klubun daha düzgün yol seçdiyi barədə Azərbaycanın tanınmış jurnalistləri arasında sorğu keçirdik. Jurnalsitlər siasport.az saytının sorğusuna belə cavab verdilər.
\"\"

Sənan Şəfizadə - ATV

"Xəzər Lənkəran", "Neftçi" və "Qəbələ"nin adını çəkmək istəyirəm. Məlumdur ki, "Xəzər Lənkəran"ın heyətinin çox hissəsi dəyişdi. Ancaq keyfiyyət baxımından fikir yürütmək çətindir. Çünki bunu çempionat göstərəcək. Bəzi klublar yaxşı transfer etdilər, ancaq digər tərəfdən başqa səviyyəli futbolçunu itirdilər. Səviyyə baxımından "Nefçi" supertransfer adlandırdığı Braziliyanın \"Santos\" klubunun yarımmüdafiəçisi Rodriqinyonun son oyunlarını araşdırmışam. Futbolçu son zamanlarda heç də məhsuldar oyun göstərməyib.

\"\"

Pərvin Kazımoğlu - fanat.az saytının redaktoru:

Əksər klublarımızın qış transferləri barədə hələ tam məlumata malik deyilik. Çünki həmişəki kimi klublar yalnız qısa müddətdə baxışdan keçirdikləri legionerlərlə heyətini gücləndirdi. Hələlik onlar haqqında sadəcə internet mənbələrindəki məlumatlarla kifayətlənirik. Sadəcə, indiyə qədər hansı klublarda çıxış etdiklərini, milli komandalara çağılıb-çağırılmadıqlarını bilirik. Hazırda hansı vəziyyətdə olmaları barədə isə məlumatımız yoxdu. Bu da klublarımızın transfer siyasətinə qeyri-peşəkar yanaşmasının nəticəsidir.

Qış transfer pəncərəsində hələlik \"Neftçi\" və \"Xəzər Lənkəran\"ın transferlərini fərqləndirmək olar. \"Neftçi\"nin heyətinə qatdığı braziliyalı Rodriqinyonun səviyyəsi ortadadı. Hər halda, Braziliya çempionu olmaq, \"Santos\" kimi bir klubda əsas heyət oyunçusuna çevirilmək heç də asan deyil. Fikrimcə, bu futbolçu \"Neftçi\"yə Flavinyodan daha çox xeyir verəcək. Vitali Kovalyovu \"Neftçi\" üçün uğursuz transferi hesab edirəm. Yasin Hima haqqında isə fikir söyləmək hələ çox tezdir.

\"Xəzər Lənkəran\"ın digər transferlərinin hansı vəziyyətdə olmasından xəbərimiz yoxdu. Lakin Julius Vobayın transferi kifayət qədər uğurlu seçimdi. Rumıniya çempionatında uğurlu çıxış edən, ölkəsinin milli komandasına mütəmadi olaraq dəvət alan bu futbolçu \"Xəzər Lənkəran\"a xeyir verəcək. Rumıniyadan transfer olunan digər futbolçuların komandaya nə qədər xeyirli olacağını zaman göstərəcək.

\"Qəbələ\"nin heyətinə qatdığı hollandiyalı Con Kollins və afrikalı Əl Banquranın da uğurlu transfer olduğunu düşünürəm. Həmçinin \"Qarabağ\"ın yeni transferlərindən də nəsə gözləməyə dəyər.
\"\"
Emin Abbasov –Xəzər TV

Transferlərdən danışanda ilk növbədə "Xəzər Lənkəran" klubunu qeyd etmək istəyirəm. Hesab edirəm ki, Julius Vubay Azərbaycan Premyer Liqasında ən səviyyəli legionerlərdəndir. Düzdür heç birinin oyunlarını görməmişəm, ancaq "Neftçi" transfer etdiyi Rodriqinyonu da qeyd etmək istəyirəm. Bizə elə gəlir ki, hansısa güclü futbolçu gəlib burda yaxşı oyun göstərməlidir. Ancaq bu belə deyil. Futbolçu səviyyəli, güclü ola bilər, ancaq onun Azərbaycandakı şəraitə adaptasiya olmağı, psixaloji cəhətdən uyğunlaşmağı və digər məslələr də var.

Düşünürəm ki, "Turan"ın oyununda da keyfiyyət baxımından dəyişiklik olacaq. "Turan"ın yeni baş məşqçisi Azərbaycan futbol "mətbəxi"nə bələddir. Orada yaxşı futbolçular transfer olunduğu barədə də xəbərim var. "Turan"ın Azərbaycan Kubokunda sonadək gedə bilmə imkanının olduğunu deyə bilərəm.

\"\"

Vüqar Zeynalov – azerisport.az saytının baş redaktoru

"Neftçi" klubunun transferlərinin komandaya kömək edə biləcəklərini gözləyirəm. Kovalyov işə yaramasa da, Rodriqinyo və Yasin Himanın yaxşı oynayacağını düşünürəm.
\"\"

Elşən Məmmədov – lent.az saytı

Demək olmaz ki, hansısa klub digərindən daha üstün səviyyəli futbolçular transfer edib. AZAL heyətinə yaxşı futbolçular qatıb. Bu klubun heyətinə iki milli komandanın futbolçusu cəlb olunub.
Elnur Məmmədli – AZTV

Bu barədə çempionatın gedişində daha yaxşı bilmək olacaq. Ancaq düşünürəm ki, "Neftçi" və AZAL-ın transferləri komandalarına daha çox xeyir verəcək. AZAL tanınmamış futbolçular gətirsə də, onlar həmişə komadaya xeyir verirlər. "Xəzər Lənkəran"ın transfer siyasətini başa düşmədim. Rumıniyalılar gəldilər, getdilər.

Elgün VİDADİOĞLU

siasport.az

Bütün xəbərlər Facebook səhifəmizdə