"Gəncə" klubu Vətənə qayıdıb

"Gəncə" klubu Vətənə qayıdıb

Təlim-məşq toplanışını Gürcüstanın Tiflis şəhərində keçirən "Gəncə" klubu Vətənə dönüb. Siasport.az saytı xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, qonşu ölkədə 3 yoldaşlıq görüşü keçirən komanda iki oyunda heç-heçə ilə meydanı tərk etsə də, sayca üçüncü qarşılaşmada "Dinamo" (Tiflis-2) komandasını 4:0 hesabı ilə məğlub edib.

Tiflisdə toplanışda olarkən "Gəncə" futbolçuları şəhərdə ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Fuad İsmayılovun Peşəkar Futbol Liqasının rəsmi saytına verdiyi məlumata görə, Gürcüstan səfərindən sonra komanda fevralın 12-də AZAL-a qarşı keçiriləcək qarşılaşmaya köklənib. "Komandada yüksək əhval-ruhiyyə var. Təlim-məşq toplanışı uğurlu keçdi. Baxışda olan oyunçuları da yoxladıq. Ümidvaram ki, yeni transferlərin və komandamızın öz futbolçularının təcrübəsi yaxşı oyun göstərməyə imkan verəcək", - deyə F. İsmayılov əlavə edib.

"Gəncə" PFK baxışda olan bir neçə futbolçu ilə ilkin razılığa gəlib. Belə ki, növbəti dövrədən etibarən Asəf Qədiri, Vüsal Hüseynov, Samir Abdulov və Renat Sultanov Gəncənin şərəfini qoruyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə