“Rabitə” Çexiya çempionuna məğlub oldu

Azərbaycan təmsilçisi "Rabitə" voleybol klubu Çempionlar Liqası çərçivəsində növbəti matçını keçirib. Siasport.az saytı xəbər verir ki, komandamız pley-off mərhələsində Çexiya çempionu "Modranska" ilə qarşılaşıb. Matçı belçikalı Arturo Di Giakoma və serbiyalı Zorica Bjeliç idarə edib. Oyun çox gərgin keçib. İlk setdə "Rabitə" üstün olub-19:25. İkinci setdə isə çexiyalılar yaxşı oynayaraq hissəni öz xeyirlərinə tamamlayıblar-25:22. Üçüncü setdə də "Modranska" qalib gəlməyi bacarıb. Hesab 25:19 olub. Dördüncü setdə mübarizə daha da gərginləşib. Komandalar meydanda əsl idman mübarizəsi göstəriblər və "Rabitə" 23:25 hesabı ilə qalib gəlib. Oyunun taleyi 5-ci setdə müəyyənləşib. Çox gərgin keçən son setdə komandalar iki top fərqi ilə üstün ola bilmədiklərinə görə hesab 21-dək uzanıb. Nəhayət, Çexiya təmsilçisi həlledici setdə oyunu çətinliklə qalib kimi tamamlayıb-21:19.

Beləliklə, komandamız rəqibə 3:2 (19:25, 25:22, 25:19, 23:25, 21:19) hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə