"Şuşa-Qarabağ" Peşəkar Futbol klubunun yeni prezidenti seçilib. SİA-nın məlumatına görə, klubun yeni prezidenti mayın 23-də keçirilən iclasda açıqlanıb. Bundan sonra kluba sahibkar Güləli Qəhrəman oğlu Bağırov rəhbərlik edəcək. Bununla bağlı olaraq bu gün Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirilib. Mərasimdə öncə Azərbaycan himni səsləndirilib.
Sonra tədbiri giriş söz ilə açan Nadir Qasımov "Şuşa-Qarabağ" Peşəkar Fultbol Klubuna 2009-cu ildən prezidentlik etdiyini deyib: "2009-cu ildən etibarən futbol üzrə Azərbaycan Milli çempionatının 1-ci divizionunda iştirak edib və məhdud maliyyə dəstəyinə baxmayaraq milli çempionatda öz layiqli yerini qoruyub, saxlaya bilib. Klubumuz bu günə qədər 70-dən çox peşəkar futbolçu yetişdirib. Futbolumuzun inkişafına və idmanın tərəqqisinə öz töhvəsini verən idman qurumlarından biri olub. Yaranmış olan maliyyə çətinliyindən futbol klubumuz öz fəaliyyətini dayandırsa da bu günlərdə qərara alaraq futbol klubumuzun fəaliyyətini yenidən bərpa etdik. Bundan sonrakı məqsədimiz bu dövrə qədər Azərbaycan milli futboluna qazandırdığımız milli futbolçuların sayını artırmaq, istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan futbolunun inkişafını daha da öz töhvələrimizi verməkdir. Belə ki, qeyd edilən məqsədlərimizin yerinə yetirə bilməsi futbol klubu ilə həmin klubun inkişafına dəstək verə biləcək kommersiya və qeyri-kommersiya təşkilatları ilə sponsorluq əlaqələrinin yaradılması, həmin təşkilatların futbol klubunun maliyyə və digər cari fəaliyyətində öz köməklərini əsirgəməmələrindən bağlıdır".
Klubun yeni prezidenti G.Bağırov mətbuat konfransında çıxış edərək fikirlərini bildirib: "Hörmətli Prezidentimiz Cənab İlham Əliyevin əməyi sayəsində bu gün Azərbaycan dünyada idman ölkəsi imicini qazanıb. Belə bir məqamda, Ermənistanın "Kirs-Şuşi", Krasnodar vilayətində erməni diasporasının yaratdığı və maliyyələşdirdiyi "Naş-Şuşa" futbol komandalarının mövcudluğu fonunda Azərbaycanda "Şuşa-Qarabağ" FK-nın yenidən bərpa olunması çox vacibdir. Ötən illər ərzində Azərbaycanda "Şuşa-Qarabağ" FK-nın maliyyə səbəbindən fəaliyyətinin dayandırılması çox üzücüdür və ölkəmizin siyasi maraqlarına ziddir. Ona görə "Şuşa-Qarabağ" klubunun nəinki Azərbaycanda, hətta beynəlxalq arenalarda iştirak etməsi yolunda bütün təcrübə və gücümuzü sərf edəcəyik".
Tədbirdə Milli Məclisin deputatı, "Qarabağ" klubunun sadiq azarkeşi Aqil Abbas Şuşa təmsilçisinə AFFA-nın yardım etməli olduğunu vurğulayıb: "Demək olar ki, Azərbaycandakı klubların hamısında maliyyə problemi var. "Şuşa" klubu birinci liqada çıxış edirdi. Komanda normal oyun nümayiş etdirirdi. Maliyyə sıxıntısı problemlərin yaranmasına səbəb oldu. Tək bizdə yox, digər böyük ölkələrdə də klubların maliyyə problemi var. Fransanın "Lans" klubunun da maliyyə problemi var idi. Klub hətta çempionatdan çıxarılma dərəcəsinə gəlmişdi. Yaxşı ki, Şuşasevərlər və şuşalılar "Şuşa-Qarabağ" klubu yenidən bərpa olundu. Biz də klubun daima qalması üçün üstümüzə düşən vəzifələri yerinə yetirəcəyik. AFFA da belə komandalara kömək etsin".
Nəzərinizə çatdıraq ki, tanınmış mütəхəssis Nadir Qasımov "Şuşa-Qarabağ" futbol klubuna baş məşqçi təyin olunub.
Qeyd edək ki, G.Bağırov seçkilərdə 30 səs toplayaraq klub prezidenti postuna layiq görülüb. O, digər namizədləri 23 səs qabaqlayıb. Klubun sabiq rəhbəri Nadir Qasımov isə 7 səs yığıb.
Bütün xəbərlər Facebook səhifəmizdə