Yazımın ilk hissəsi Ağdamda
\"Qarabağ\" futbol klubunun azarkeşləri arasında böyük maraqla
qarşılanıb. Doğma komandalarının təəssübkeşi olan rayon sakinləri
\"Qarabağ\"ın ev oyunlarını yenidən Quzanlı qəsəbə stadionunda görmək
arzusundadırlar. Amma \"Qarabağ\" klubunun rəhbərliyi doğma stadionu
olduğu halda, Bakıda 20 illiyə stadion icarəyə götürür. Əlbəttə, bu,
ağdamlıları narahat etməyə bilməz.
Ağdam Rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov
problemlə bağlı öz fikirlərini belə bildirib: \"Məqalə \"Qarabağ\"
sevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İşğal altında olan Ağdamı
layiqincə təmsil edən komandanın Quzanlı qəsəbə stadionunda ev oyunlarını
keçirməsi yetişməkdə olan gənc nəslin futbola olan marağının artırılması ilə
yanaşı, vətənpərvərlik hissinin aşılanmasına da müsbət təsir göstərir. Bu gün
müvəqqəti olaraq rayon mərkəzini əvəz edən Quzanlı qəsəbəsində aparılan
genişmiqyaslı abadlıq-quruculuq işləri, habelə rayon rəhbərliyinin bu sahəyə
olan xüsusi diqqət və qayğısı imkan verir ki, komanda ev oyunlarını doğma
azarkeşlərinin əhatəsində, Quzanlı qəsəbə stadionunda keçirsin\".
Qarabağ Qazilər Birliyi Ağdam rayon təşkilatının sədri
Mahir Rzayev \"Qarabağ\"ın ev oyunlarını Ağdamda deyil, Bakıda
oynamasının onlarda böyük təəssüf hissi yaratdığını qeyd etdib: \"İşğal
olunmuş rayonu təmsil edən futbol klubunun iki il öncə Quzanlı qəsəbə
stadionunda ev oyunlarını keçirməsi hər bir ağdamlı kimi, Qarabağ müharibəsi əlillərini
və veteranlarını da çox böyük sevincə qərq etmişdi. Stadiona
gedərək komandanın oyunlarını böyük həvəslə izləyir, bundan böyük zövq alırdıq.
Bu gün isə çox üzgünük. Çünki klub rəhbərliyinin belə bir addım atması, ev oyunlarının
paytaxtda keçirilməsi ağdamlıların sevincinə son qoyub. Cəbhə bölgəsində
yaşayan hər bir ağdamlı arzulayır ki, sevimli komandaları \"Qarabağ\"
yenidən ev oyunlarını Ağdamda, Quzanlı qəsəbə stadionunda keçirsin və qələbələri
ilə onları şadlandırsın\".
AFFA-nın baş katibi Elxan Məmmədov
da öz fikirlərini bildirib: \"AFFA \"Qarabağ\" komandasının ev
oyunlarını Ağdam rayonunun Quzanlı qəsəbə stadionunda keçirilməsini dəstəkləməklə
bunu regionda futbolun inkişafına, kütləviliyinin genişlənməsinə müsbət təsir
göstərdiyi və yerli azarkeşlərin sevimli komandalarının ev oyunlarını canlı izləməyə
imkanlar yarandığı üçün müsbət qarşılayır. Bununla yanaşı, onu da bildirmək istərdik
ki, hər bir klub fəaliyyətində müstəqildir və çempionatda iştirakı üçün istənilən
stadionla müqavilə bağlayıb onun xidmətindən istifadə edə bilər\".
Gənclər və idman nazirinin
müavini İntiqam Babayev isə hesab edir ki, ölkə çempionatının Azərbaycan Premyer
Liqa, birinci dəstə oyunlarının təşkili və keçirilməsi AFFA və Peşəkar Futbol
Liqasının səlahiyyətində olduğundan, həmçinin təqvim oyunlarının hansı şəhərdə
və stadionda keçirilməsini çempionatlarda iştirak edən klublar müəyyən etdiyindən
problemə də məhz bu qurumlar aydınlıq gətirməlidir. Nazirlik rəsmisi onu da əlavə
edib ki, məqaləyə münasibət bildirilməsi və araşdırılması üçün onlar tərəfindən
AFFA-ya, Peşəkar Futbol Liqasına və \"Qarabağ\" futbol klubuna məktub
göndərilib.
Komandanın sponsoru \"Azərsun\"
Holdinqdən isə problemə münasibət natamam olub: \"Biz bu məsələ ilə bağlı
heç bir fikir söyləyə bilmərik. Çünki kluba sponsorluq edirik, onların siyasəti
isə bizləri maraqlandırmır. Klub hazırda Türkiyənin Antaliya şəhərində təlim-məşq
toplanışındadır. Rəhbərlik gəlsin, sonra bu məsələ barəsində söhbət edərik\".
\"Qarabağ\" klubuna məsələ ilə bağlı məktub
ünvanlasaq da, cavab gəlmədi. Bizə rəhbərliyin komanda ilə birlikdə Türkiyənin
Antaliya şəhərində təlim-məşq toplanışında olduğunu bildirdilər.
\"Qarabağ\"ın
azarkeş qruplaşması - \"İmarət\" fanklubunun üzvü Qabil Hüseynov bu
problemin sırf psixoloji aspektlərinə də toxunur: \"Komandamızın Ağdamda
oynaması qəlbi yaralı insanlara böyük bir təsəlli idi. Çünki ötən il
\"Qarabağ\" orada qazandığı qələbələrlə hər kəsi sevindirmişdi. Lakin təəssüflər
olsun ki, klub artıq Ağdama həsrətdir. Bunun da ən böyük səbəbkarı komanda rəhbərliyidir.
Yorğunluğu bəhanə gətirərək orada oynamaq istəmədiklərini bildirmişlər. Ağdamda
komanda 2 min azarkeş önündə oynayırdısa, Bakıdakı görüşlərdə bu say 40-50 nəfərdir.
Bu da komandanın bu mövsüm qazandığı nəticələrə böyük təsir göstərmişdir. Hətta
klubun baş məşqçisi Qurban Qurbanov da bildirmişdir ki, böyük azarkeş
qarşısında oynayanda futbolçunun özünə inamı artır, daha yaxşı oyun sərgiləyir.
Ümid edirik ki, \"Qarabağ\" bu il doğma yurduna, Ağdama qayıdaraq ev
oyunlarını yenidən orada keçirəcək\".
Komandanın qələbələri ilə nəfəs alan yerli azarkeşlərin
bu durumda olması görəsən klub rəhbərliyini heç narahat etmir?
\"Qarabağ\"ın azarkeş qruplaşması \"İmarət\" fanklubu hər
oyunda komandalarını sonadək dəstəkləyir, 12-ci oyunçu funksiyasını layiqincə
yerinə yetirirdilər. Bununla
bağlı şahidi olduğumuz hadisəni oxuculara danışmaq istərdim.
Klub rəhbərliyi, xüsusən də, sponsorlar təəssüf ki,
Ağdamın \"Qarabağ\" klubunun azarkeşlərini nəzərə almır, eləcə də
futbol klubunun şanlı tarixi keçmişinin üstündən çalın-çarpaz xətt çəkməyə
çalışırlar. Azarkeşlərin qəlbinə dəymək, onları incitmək olmaz!Klubları ayaqda
saxlayan, onları yaşadan məhz azarkeşlərdir, futbolu azarkeşlər üçün oynayırlar!
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və
AFFA-nın cavabları qeyri-müəyyəndir. Futbol
termini ilə desək, hərə topu bir-birinə ötürür! Bir tərəf deyir bu məsələyə
baxmaq səlahiyyəti AFFA və Peşəkar Futbol Liqasınındır, digər tərəf isə
bildirir ki, biz klubların işinə qarışa bilmərik!
Klubun Bakının Suraxanı rayonunda T.İsmayılov adına
stadionu 20 illiyə, həm də çox baha qiymətə icarəyə götürdüyündən görəsən
doğrudanmı bu təşkilatların xəbəri yoxdur? İnanılası deyil!
\"Azərsun\" Holdinqin
cavabı isə olduqca qeyri-ciddidir: \"Klubun işinə qarışa bilmərik\". Çox
maraqlıdır. Komandaya sponsorluq elə, sonra de ki, bu məsələ bizə aid deyil. Yaxşı
bəs, Bakıdakı stadion kimin hesabına icarəyə götürülüb? Hələ ki, bu suala cavab
verən yoxdur.
\"Qarabağ\"ın Ağdamda oynamağının ən önəmli
amillərindən biri bura gələn klubların tərkibində çoxlu sayda legioner
oyunçuların iştirak etməsi idi. Ən əsası isə o idi ki, onlar Qarabağ torpağını
öz gözləri ilə görürdülər. \"Qarabağ\"da çıxış etmiş makedoniyalı oyunçu
Artim Şakiri o yerləri görəndən sonra müsahibələrinin birində deyib: \"Mən
indi başa düşdüm ki, Qarabağ Azərbaycan üçün nə deməkdir\". Hamı gördü ki,
\"Qarabağ\" futbolçuları doğma Qarabağ torpağında necə həvəslə
oynayırdılar. Bakıdan oyunlara baxmaq üçün jurnalistləri və azarkeşləri aparan
avtobusların qarşısına yazılan \"Bu gün Quzanlıya, sabah Ağdama!\"
şüarından tutmuş, azarkeşlərin \"qooollll\" sədalarına qədər hər bir
amil təbliğat vasitəsi idi! Təəssüflər olsun ki, komanda rəhbərliyi
\"Qarabağ\"ı Ağdamdan uzaq salmaqla, bunun üçün müxtəlif bəhanələr gətirməklə
yerli izləyicini üzüb, futbolu Ağdamdan didərgin salıb!
Bu gün \"Qarabağ\"ın ölkə çempionatındakı vəziyyəti
heç də ürəkaçan deyil! Artıq 17 ildir ağdamlı azarkeşlər bu sözü deyir:
\"İnşallah, bu il doğma komandamız çempion olacaq!\". \"İmarət\"dən
çıxandan sonra, komandanın çempionluq ruhu sanki "İmarət"də qalıb! Bütün
komandalar Ağdamda "Qarabağ"la oynamağın sonunu yaxşı bilirdilər. Bu səbəbdən də
\"Qarabağ\" orada oynayanda enerjilərini ikiqat sərf edirdilər, ikiqat əzmlə
oyunlara çıxırdılar. Təəssüf ki, indi bu əzmi görmürük. Səbəb isə çox sadədir:
çünki \"Qarabağ\" Ağdamda oynamır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB