Azərbaycan şahmatçıları “Aeroflot Open”də çıxış edəcəklər

Azərbaycan şahmatçıları “Aeroflot Open”də çıxış edəcəklər
Fevarlın 8-dən 17-dək Moskvada "Aeroflot Open" beynəlxalq açıq şahmat festivalı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, sayca onuncu olacaq həmin turnirdə dünyanın 53 ölkəsindən 600-dən çox şahmatçı, o cümlədən 160 qrossmeyster iştirak edəcək ki, bu da həmin yarışları dünyada ən kütləvi şahmat turnirinə çevirəcək. Festival ardıcıl altıncı dəfə "İzmaylovo" turist kompleksində baş tutacaq.
Turnir iştirakçıları üçün 160 min avro məbləğində yüksək mükafat fondu ayrılıb. Turnir 9 turdan ibarət olacaq. Təbii ki, adətən ekstra dərəcəli şahmatçıların iştirak etdiyi A qrupu böyük maraq doğurur. Həmin qrupda Azərbaycan idmanının şərəfini beynəlxalq qrossmeysterlər Rauf Məmmədov, Nicat Məmmədov və beynəlxalq usta Gülnar Məmmədova qoruyacaqlar.
B qrupunda ölkəmizi Ülvi Bacarani, S qrupunda isə Zaur Abbasov, Sabir Ələkbərov, Rauf Əliyev, Nicat Əliyev, Tamerlan Bünyadov, Kənan Qarayev və Xədicə Xəlilova təmsil edəcək.
Festival çərçivəsində 2011-ci ildə keçiriləcək sürətli şahmat üzrə dünya çempionatına seçim də olacaq. A qrupunun qalibi bu ilin iyun ayında Dortmundda dairəvi sistemlə keçiriləcək superturnirə dəvət alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə