3 milyondan artıq azarkeşin səs verdiyi simvolik futbol heyəti tərtib edilib

UEFA Avropa çempionatları tarixinin rəmzi komandasını elan edib. Bu barədə Avropa futbol qurumunun rəsmi saytı xəbər verib.

Bununla bağlı keçirilən səsvermədə 3 milyon 500 min azarkeş iştirak edib. Bu il UEFA 2015-ci ilin rəmzi komandasını, Çempionlar Liqasının rəmzi komandasını həmçinin Avropa Liqasının rəmzi komandasını açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, Avropa çempionatları tarixinin rəmzi komandasında aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Canluici Buffon (İtaliya)

Müdafiəçilər: Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Karles Puyol (İspaniya), Filipp Lam (Almaniya)

Yarımmüdafiəçilər: Zinəddin Zidan (Fransa), Andrea Pirlo (İtaliya), Andres İnyesta (İspaniya)

Hücumçular: Kriştiano Ronaldo (Portuqaliya), Tyerri Anri (Fransa), Marko van Basten (Hollandiya)

Bu il yanvar ayında UEFA 2015-ci ilin rəmzi komandasına düşən futbolçuların adlarını açıqlayıb. 7 milyon 50 min 428 nəfərin iştirak etdiyi sorğuda ən çox Lionel Messi səs toplayıb - 448 min 445. Kriştiano Ronaldo 260 min 811 səs toplayıb. "Real"ın ulduzu 11 futbolçu arasında Cerard Pikedən sonra ən az səs yığan olub. Siyahıda ən çox "Barselona"nın futbolçusu təmsil olunub - 5 nəfər. "Real"ın 3, "Bavariya"nın 2, "Yuventus"un 1 üzvü ən yaxşılar arasında yer alıb.

Ölkələrə gəlincə, siyahıda ən çox İspaniyanın futbolçusu var. Belə ki, 3 ispan futbolçu ən yaxşı olub. Braziliyanın 2, Almaniya, Avstriya, Fransa, Kolumbiya, Argentina və Portuqaliyanın bir təmsilçisi fərqlənib.Sorğuya qatılan 7 milyon 50 min 428 nəfər arasında ən çox Avropa sakinləri yer alıb. Belə ki, səs verənlərin 53 faizi "köhnə qitə"nin sakinləridi. İştirakçıların 19 faizi Asiya, 15 faizi Cənubi Amerika, 8 faizi Şimali Amerika, 4 faizi Afrika, 1 faizi isə Okeaniyanı təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə