Nazirlik rəsmisi: "Youth vision"un ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir" AÇIQLAMA

Nazirlik rəsmisi: "Youth vision"un ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir" AÇIQLAMA

"Bu il 22-24 iyun tarixlərində Bakı şəhərində Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birlikdə Heydər Əliyev adına Sarayda "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. Bu müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova deyib.

O qeyd edib ki, mahnı müsabiqəsinin keçirilməsində məqsəd yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır: "Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. Yarışda iştirak edənlər, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər. Təşkilat komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib. Müsabiqədə iştirak etmək üçün ölkəmizə 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Yarışda Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".

S.Məmmədova deyib ki, 21 iyun 2013-cü il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə nazirliyin Heydər Əliyev adına Sarayda "Univiziya" tələbələrin birinci beynəlxalq mahnı müsabiqəsi keçirilib: "Həmin yarış ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında təşkil olunub. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək yarışa gənclər də cəlb edilib və müsabiqə "Youth vision" adlandırılıb. Yarışda 14-35 yaş arası gənclər iştirak edə bilər. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa ediləcək. Yarışda hər ölkəni öz münsifi təmsil edəcək".

GİN rəsmisi vurğulayıb ki, münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək: "Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibləri pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir. Yarışın keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur".

Qeyd edək ki, mahnı müsabiqəsinin iştirakçıları və münsiflərinin səfəri 19-25 iyun tarixində həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə