"Xəzər Lənkəran" bu gün Vətənə qayıdır

"Xəzər Lənkəran" bu gün Vətənə qayıdır
Türkiyədə 20 günlük təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" hazırlıqlarını bu gün başa çatdırıb Vətənə dönür. Siasport.az saytı xəbər verir ki, bu ərəfədə klubda baxışdan çoxlu sayda futbolçular keçib. Komandanın 6 sınaq oyunu keçirilib, onların 4-də məğlub olub, 1-də qalib gəlib, 1-ni də heç-heçə ilə bitirib. Belə ki, "Xəzər Lənkəran" Qazaxıstanın Superliqa təmsilçisi "Atırau" klubuna 1:2, Türkiyənin Superliqa təmsilçisi "Kasımpaşa" klubuna 1:4, Ukrayna Premyer Liqasında oynayan Luqansk "Zarya"sına 1:3 və bu ölkənin 1-ci divizion təmsilçisi olan Odessa "Çernomorets"inə 2:3 hesabı ilə uduzub. Ukrayna Premyer Liqasının təmsilçisi "Krivbass" üzərində isə "Xəzər Lənkəran" bu toplanış zamanı yeganə qələbəsini qazanıb (1:0). Ukraynanın yüksək dəstəsində oynayan "Metallurq" (Zaporojye) ilə qarşılaşma isə 1:1 hesabı ilə yekunlaşıb.
Klubun Antalya toplanışı çərçivəsində keçirdiyi oyunlarda yüksək nəticələr qazana bilməməsi komandanın demək olar ki, tam yenidən qurulub komplektləşdirilməsi ilə bağlıdır. Belə ki, sadalanan yoldaşlıq görüşlərində məşqçilər klubda baxışda olan futbolçuların hamısına şans verib, onları cürbəcür mövqelərdə sınayıb. Bu baxışlar nəticəsində "Xəzər Lənkəran"ın heyəti cavan və perspektivli futbolçular hesabına gücləndirilib.
Qeyd etmək lazımdır ki, bu gün Bakıya yalnız klubun yerli heyəti qayıdacaq, legionerlər isə Antalyadan vətənlərinə yollanacaqlar. "Xəzər Lənkəran" tam tərkibdə fevralın 3-də Bakıda toplaşacaq. Bir gün sonra isə komanda Lənkərana yollanaraq, fevralın 13-də keçiriləcək "Neftçi" – "Xəzər Lənkəran" qarşılaşmasına hazırlaşacaq.
Onu da bildirək ki, baş məşqçimiz Mirça Rednik hazırda vətənindədir. Onun Rumıniyaya səfərinin məqsədi son transferləri həyata keçirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə