Çarli Vaytinq: "Hazırlıq məni valeh etdi" AÇIQLAMA

Çarli Vaytinq: "Hazırlıq məni valeh etdi" AÇIQLAMA

Bu gün Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakı Şəhər Halqasının (BŞH) Formula-1 üzrə Avropa Qran Prisinə hazırlığı ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, o, yarış öncəsi BŞH-yə son dəfə baxış keçirdiyini qeyd edib: "Son gəlişimdən 1ay keçib. Bu müddət ərzində olduqca çox iş görülüb. BŞH artıq hazırdır. Bunu ərsəyə gətirmək çətindir. Çünki şəhərdə nəqliyyat da hərəkət edir".

Yarış direktoru bildirib ki, BŞH-yə baxış keçirmək üçün 4-5 saat vaxt lazım olub: "Baxış keçirdikdən sonra əmin olduq ki, hazırlıq tam şəkildə başa çatıb. Bir sıra xırda məsələlər var ki, onları yerinə yetirmək lazımdır. Ümumilikdə bütün hazırlıq yüksək səviyyədədir və standartlara uyğundur. Qeyd edim ki, hazırlıq məni valeh etdi. İşlərin planlaşdırdığımız kimi olmasını görmək sevinclidir. Çəpər və baryerlərdə xırda dəyişikliklər ediləcək".

FİA rəsmisi vurğulayıb ki, yarış günü yağış yağsa da yürüş davam edəcək: "Bu avtomobillərin təkərlər qalındır. Onlar hər cür sürtküyə tab gətirə bilərlər. Yağış yağsa, idarəetmə çətinləşəcək, ancaq yarış davam edəcək. Həddindən artıq güclü leysan yağsa, yarışlara nəzarət edən heyət qərarını verəcək. Yolda olan dəliklərin üstü ya tam şəkildə asfaltla örtülür, ya qaynaq olunur, ya da basdırılır".

O, təhlükəsizlik tədbirlərindən tam şəkildə məmnun olduğunu deyib: "Bütün məsələlər həllini tapıb. Formula-1 yarışlarında ən nazik hissə BŞH-nin 8-11-ci hissələridir. Ancaq burada bütün təhlükəsizlik işləri yüksək səviyyədə yerinə yetirilib. Həmin yollardakı künclər iti deyil, oval formada quraşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə