Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Buzadırmanma üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Hava və Ekstremal İdman Növləri Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 28-30 yanvar 2011-ci il tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını keçirəcək. Siasport.az saytı xəbər verir ki, çempionata Rusiya Federasiyasının, Türkiyə və Ukrayna Respublikalarının idmançılarının qatılacağı gözlənilir.

Qeyd edək ki, ölkəmizdə bu kimi yarışların keçirilməsi gələcəkdə idmançılarımızın buzadırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayayadırmanma və buzadırmanma təşkilatları ilə federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə və yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.

Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının "Dağ hazırlığı məktəbi", Respublika Alpinist Turist Klubu, Bakıdan "Ekosport", "A+A", "Climb-club", "Bakı Dövlət Universiteti", Memarlıq və İnşaat Universitetinin "Edelveys", "Qərb Universitetinin idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ" klublarının 60 nəfərə yaxın idmançısı iştirak edəcək.

2 turdan ibarət yarışın 29 yanvar 2011-ci il tarixində keçiriləcək I mərhələsində idmançılar mürəkkkəblik üzrə, 30 yanvar 2011-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaq.

Qeyd edək ki, Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatını idarə edəcək 20 nəfərlik hakimlər heyətinə keçən il Rusiyanın Kirov şəhərində Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) tərəfindən keçirilən seminarlarda müvafiq UIAA hakim-aspirantı dərəcəsini almış Nəcəfova Yevgeniya və Əsədov Yaqub tərəfindən təlim keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə