Əziz Yıldırıma sərt cəza

"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırıma 3 ay idman müsabiqələrini canlı izləmək qadağan edilib. SİA-nın məlumatına görə, bu haqda Türkiyə mediasında xəbərlər yayılıb. Antaliyada keçirilən Türkiyə Kubokunun final oyununda ("Qalatasaray" - "Fənərbaxça") tribunada olan Əziz Yıldırımla Antalya Prokurorluğunun idman prokuroru Mustafa Şeran arasında mübahisə yaşanıb. Mübahisə klub prezidentinin hakim və rəqib azarkeşləri təhqir etməsi səsəbindən yaranıb. Ə.Yıldırım isə rəqib azarkeşlərin onu təhqir etdiyini, ancaq prokurorun reaksiya vermədiyini əsas gətirib.

"Antalyaspor" - "Fənərbaxça" matçından sonra isə Əziz Yıldırım açıqlamasında "Qalatasaray"ın saxtakarlıq etdiyini deyib. İdman prokuroru Mustafa Şeran 7 "Qalatasaray"lı azarkeşin şikayəti ilə klub prezidenti haqda araşdırma başladıb. Araşdırmadan sonra Əziz Yıldırımın 3 ay idman müsabiqələrini izləməsinə qadağa qoyulub. Prokuror, həmçinin klub prezidentinin pul cəzası ödəməsi üçün də aidiyyatı orqanlara müraciət edib.

Qeyd edək ki, Əziz Yıldırım Superliqanın ilk iki həftəsindəki oyunları və basketbol komandasının "Anadolu Efes"lə oynayacağı final seriyasını da izləyə bilməyəcək.

Nəzərinizə çatdıraq ki, klub prezidentinin qərardan etiraz etmək üçün müraciət haqqı var.

Bütün xəbərlər Facebook səhifəmizdə