Raqif Abbasov: "Beynəlxalq yarışların təşkili ölkədə idmanın inkişafına töhfə verir" AÇIQLAMA
"Sabah ölkəmizdə növbəti beynəlxalq yarış start götürəcək. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə ənənəvi XXXVIII Beynəlxalq Bakı turniri keçiriləcək. Bu yarış Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildən təşkil olunur". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, 2 gün davam edəcək turnir Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutacaq. Baş İdarə rəisi bildirib ki, yarışın keçirilməsində məqsəd xalqımızın qəhrəman insanlarından olan general-mayor Həzi Aslanovun xatirəsinin əbədiləşdirilməsi, cüdo idman növünün geniş təbliğ olunması, iştirakçıların idman ustalığının artırılması, xarici ölkələrin idmançıları ilə dostluq və idman əlaqələrinin möhkəmləndirilməsi, ən güclü idmançıların aşkar edilməsidir.
O, sözügedən yarışda iştirak edəcək idmançıların əksəriyyətinin növbəti illərdə öz ölkələrini yeniyetmələrin olimpiya oyunlarında təmsil edəcəklərini vurğulayıb: "Bu yarışda vaxtilə Azərbaycanın olimpiya çempionları Nazim Süleymanov, Elnur Məmmədli, olimpiya mükafatçısı Mövlud Mirəliyev kimi idmançıları mübarizə aparıblar. Turnirdə 10 ölkədən 300-dən çox idmançı yarışacaq. 18 çəki dərəcəsində (9 qızlar, 9 kişilər) qaliblər müəyyənləşdiriləcək. Yarışdan öncə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunacaq. Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun büstünün önünə gül dəstələri düzüləcək. Turnirin açılış mərasimi saat 16:00-da keçiriləcək".
Baş idarə rəisi vurğulayıb ki, beynəlxalq yarışların Azərbaycanda təşkili ölkədə idmanın daha da inkişafına töhfə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB