Bakıda ilk keçirilək "M-1 Challenge 67" yarışının mətbuat konfransı və çəki mərasimi təşkil olunub. SİA-nın məlumatına görə, konfransda Azərbaycan MMA Federasiyasının prezidenti Rövşən Həsənov, Ümumdünya MMA Assosiasiyalarının prezidenti Vadim Finkelşteyn, Azərbaycan MMA Federasiyasının vitse-prezidentləri Maqsud Azadov, Ramil Məlikov, M-1 kəməri uğrunda döyüşəcək Artyom Damkovski, Aleksandr Butenko, gecənin əsas döyüşündə iştirak edəcək Azərbaycan təmsilçisi Etiqad Atakişiyev iştirak edib.
Daha öncə Bakıya səfər etdiyini deyən V.Finkelşteyn paytaxtda ilk dəfə keçiriləcək yarışda R.Həsənovun rolundan danışıb. Bildirib ki, beynəlxalq qurumun Azərbaycanda tanıdığı yeganə rəsmi MMA federasiyası məhz bu federasiyadır: "Biz yalnız bu federasiyanı rəsmi olaraq tanıyırıq. Onlar əvvəl müvəqqəti üzv idilər. Ancaq bütün sənədlər təqdim olunub və bu səbəbdən Azərbaycan MMA Federasiyası daimi üzvümüzə çevrilib. İstəyirik ki, bu cür yarışların Azərbaycanda keçirilməsi daimi hal alsın və ən azı ildə iki dəfə təşkil olunsun".
M-1 döyüşünün 20 ildən artıqdır brend olduğunu vurğulayan R.Həsənov qeyri-olimpiya növlərinə verdiyi dəstəyə görə ölkə Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: "Dövlət başçımız qeyri-olimpiya növlərinin inkişafı üçün böyük diqqət göstərir. Biz də çalışırıq gözəl nəticələrlə xalqımızı sevindirək. Hər kəs sabah keçiriləcək yarışı böyük maraqla gözləyir. İlk dəfədir ki, Azərbaycanda belə yarış keçirilir. Bizim 3 idmançımız bu döyüşdə iştirak edəcək və hamını döyüşləri izləməyə dəvət edirəm".
Gecənin döyüşündə rinqə çıxacaq E.Atakişiyev tədbir iştirakçılarına maraqlı görüşün şahidi olacaqlarını bildirib və hər kəsi döyüşləri izləməyə dəvət edib: "Təbii ki, həyacan var. Özümü bu döyüşə tam hazır hiss edirəm. İnanıram ki, yadda qalan bir döyüş olacaq".
Kəmər uğrunda mübarizə aparacaq A.Damkovski və A.Butenko isə döyüşə hazır olduqlarını, bunun üçün uzun müddətdir məşq etdiklərini bildiriblər. Onlar bu döyüşü "iki canavarın döyüşü" adlandırıblar.
Konfransdan sonra idmançıların rəsmi çəki mərasimi keçirilib.
Qeyd edək ki, döyüşlər iyunun 4-də Sərhədçi Olimpiya Kompleksində keçiriləcək və saat 18:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB