Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Boks üzrə milli komandamız fevralın 9-da Macarıstanın Debretsen şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Siasport.az saytı xəbər verir ki, məşqçilər heyəti ənənvi yarışda 6 idmançını sınayacaq. Baş məşqçi Yevgeni Kotov turnirdə son ölkə çempionatının qalibləri – İlkin Ağayev (52 kq), Heybətulla Hacəliyev (60 kq), Sadiq Eynullayev (69 kq), Rahib Bəylərov (75 kq), Vətən Hüseynli (81 kq) və Teymur Məmmədova (91 kq) şans verəcək. Bu, milli komandamızın 2011-ci ildə ilk yarışı olacaq. 10 çəki dərəcəsi üzrə keçirilən turnirdə AİBA-nın qaydalarına əsasən 17 yaşından 34 yaşa kimi idmançılar gücünü sınayacaq.

Qeyd edək ki, bu, ilin ilk yarışı olduğundan bir çox güclü boks ölkələrinin Debretsenə yollanması gözlənilir. Artıq Rusiya, Kuba, Özbəkistan komandaları yarışda iştiraklarını təsdiqləyiblər. Rusiya milli komandası Macarıstana Avropa çempionları - Mişa Aloyan (52kq), Eduard Abzalimov (56 kq), Albert Səlimov (60 kq), Artyom Çebotaryov (75 kq), Artur Beterbiyev (91 kq) və Sergey Kuzmin (91+kq) kimi güclü boksçuları aparacaqlar. Fevralın 12-də başa çatacaq yarışda həmyerlimiz beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov ədaləti təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə