Teymur Rəcəbov: "Kasparovu fransız müdafiəsi ilə məğlub etmişdim" AÇIQLAMA

Teymur Rəcəbov: "Kasparovu fransız müdafiəsi ilə məğlub etmişdim" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin VII turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. SİA-nın məlumatına görə, Rəcəbov oyundan sonra fransız müdafiəsindən istifadə etdiyini söyləyib: "Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq. Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi".

Teymur Rəcəbov "ShamkirChess 2016" turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: "Əlbəttə, 6 heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra 6 heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik".

Rusiya şahmatçısı Sergey Karyakin isə 7 turdan sonra çıxışını məqbul saydığını deyib: "Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə