Bu gün Nəriman Mehdiyevin 44 yaşı tamam olur

Bu gün Nəriman Mehdiyevin 44 yaşı tamam olur
Bu gün "Bakı" futbol klubunun media və marketinq departamentinin direktoru Nəriman Mehdiyevin 44 yaşı tamam olur. Siasport.az saytı xəbər veir ki, Nəriman Mehdiyev 1967-cı ilin 26 yanvar tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini 190 nömrəli orta məktəbdə alıb. Ardında Azərbaycan Dövlət Universiteti şərqşünaslıq fakultəsinin ərəb dili bölməsini Qırmızı Diplomla bitirib.

1985-1987-ci illər ərzində həqiqi hərbi xidmət keçib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin xarici əlaqələr şəbəsində başlayıb.

1991-1992-cü illərdə xüsusi təyinatlı hücum batalyonunun qərargah rəisinin müavini, 1993-cü ildə xüsusi zonanın komendantı vəzifələrində xidmət edib. Hərbi əməliyyatlarda iştirak edib, dəfələrlə komandanlığın təşəkkürlərinə layiq görülüb. Ağdərə rayon mərkəzi və rayonun iyirmiyədək kəndinin erməni işğalçılarından azad olunmasında onun rəhbərlik etdiyi xüsusi təyinatlı qrup hərbi əməliyyat tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

1993-cü ildən etibarən elmi fəaliyyətlə məşğul olub. Moskva Hərbi Xarici Dillər İnstitutunun ixtisaslaşdırımış hazırlıq kurslarının müdavim, Moskva Beynəlxalq Əlaqələr İnstitunun elmi işçisi vəzifələrində çalışıb.

1995-1997-ci illərdə mətbuat, marketinq, media tədqiqatları sahəsində fəaliyyət göstərib, müxtəlif nəşrlərlə əməkdaşlıq edib.

1998-2001-ci illərdə Birləşmiş Ərəb Əmirliklərində biznes fəaliyyəti ilə məşğul olub, beynəlxalq biznes təsisatının Dubay şəhərində nümayəndəsi qismində işləyib.

2001-2008-ci illər ərzində Media Holding - Lider TV İdman İnformasiya xidmətinin baş redaktoru vəzifəsini icra edib. Olimpiya oyunları, dünya çempionatlarının iştirakçısı, Azərbaycanda keçirilən ali idman yarışlarının təşkilat komitəsinin üzvü kimi məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəıib. Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, bir çox federasiyaların fəxri diplomları ilə təltif olunub.

2008-ci ildən etibarən "Bakı" futbol klubunda çalışır. Hazırda klubumuzda media, marketinq, beynəlxalq əlaqələr sahəsinə rəhbərlik edir. Nəriman Mehdiyev "Bakı"da fəaliyyəti ilə paralel olaraq, beynəlxalq konfliktlər və geosiyasət sahəsində elmi tədqiqatlar üzərində işləyir.

Almaniya, İtaliya, Rusiya, ABŞ, Türkiyə mətbuatında beynəlxalq konfliktlər və geosiyasət mövzusunda analitik məqalələri nəşr olunub.

Azərbaycan, rus, fars, ərəb, türk, ingilis dillərində sərbəst yazır və danışır. Ehtiyatda olan zabitdir.

Ailəlidir. İki oğul övlad tərbiyə edir.

"Bakı" futbol klubunun kollektivi Nəriman Mehdiyevi ad günü münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, gələcək fəaliyyətində uğurlar və bol-bol qələbə sevincləri arzulayır.

Siasport.az saytının kollektivi də N.Mehdiyevi təbrik edir, ona işlərində müvəffəqiyyətlər arzulayır.


Bütün xəbərlər Facebook səhifəmizdə