Rauf Məmmədov: "Karyakin kimi şahmatçıdan yarım xal almaq normaldır" AÇIQLAMA
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" superturnirinin VI turunda qrossmeysterimiz Rauf Məmmədov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçısı nəticədən razı qaldığını deyib: "Karyakin dünya çempionluğuna iddialıdır. Sergey şahmat tacı uğrunda Maqnus Karlsenlə mübarizə aparacaq. Heç-heçə yaxşı nəticədir. Fikrimcə, çox maraqlı oyun oldu. Üstünlük yox idi, amma aktiv mübarizə gedirdi. Heç-heçəni yaxşı nəticə hesab edirəm. İstirahət günündən sonra Sergey Karyakin kimi şahmatçıdan yarım xal almaq normaldır".
Rauf Məmmədov "ShamkirChess 2016" turnirinin təşkilatçılığı barədə danışaraq şəmkirlilərə təşəkkür edib: "Karyeram ərzində iştirak etdiyim ən gözəl üç turnir Şəmkirlə bağlıdır. Ardıcıl üçüncü dəfə Şəmkirdəki yarışda mübarizə aparıram və bu yarışların hamısı təşkilatçılıq baxımından seçilir. Şəmkirlilərə təşəkkür edirəm, yarış zamanı bizləri tək qoymurlar. Növbəti illərdə də Şəmkirdə keçirilən yarışda iştirakçılar sırasında olmaq istərdim".
Azərbaycan yığmasının lideri bir neçə gündən sonra başlayacaq futbol üzrə Avropa çempionatında İngiltərə komandasına azarkeşlik edəcəyini bildirib: "Futbol azarkeşiyəm. Ona görə Avropa çempionatını yaxından izləyəcəyəm. Sözsüz ki, İngiltərənin çempion olmasını istəyirəm. Şanslar bütün komandalarda eynidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB