Paulius Qribauskas: \"...vəziyyət mənə çox pis təsir göstərir\"

Paulius Qribauskas: \"...vəziyyət mənə çox pis təsir göstərir\"

\"Neftçi\" PFK-nın qapıçısı Paulius Qribauskas Antalyada təşkil olunan ikinci təlim-məşq toplanışına da qatıla bilməyib. Siasport.az saytı xəbər verir ki, bu, litvalının zədəsini hələ tam sağalda bilməməsi ilə əlaqədardır. Klub rəsmiləri, məşqçilər korpusu mütəmadi olaraq, Qribauskasın durumu ilə maraqlanırlar. Hazırda öz vətənində müalicəsini davam etdirən 27 yaşlı qapıçı \"Neftçi\"nin rəsmi saytına açıqlamasında yaşıl meydançalara gec qayıdacağını söyləyib: \"Bir müddət öncə diz nahiyəmdən cərrahiyyə əməliyyatı keçirmişəm. Həmin vaxt həkimlər 6 aya sağalacağım barədə rəy vermişdilər. Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəsəm də, həkimlərin rəyinə əsasən, təxminən mart-aprel aylarında məşqlərə başlaya bilərəm. Təbii ki, bu vəziyyət mənə çox pis təsir göstərir. Çünki indi sevimli komandam \"Neftçi\"nin sıralarında olmaq, Premyer Liqanın qarşıdakı gərgin oyunlarında kömək etmək istərdim. Ümidvaram ki, tezliklə sağalıb, flaqmanın heyətinə qayıdacağam. Klub rəsmiləri daima mənimlə əlaqə saxlayırlar, müalicəmi diqqət mərkəzində saxlayırlar. Bu diqqətə görə \"Neftçi\" rəhbərliyinə minnətdarlıq edirəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə