Bəxtiyar Musayev: "Əgər casusluq etmək istəsəydim, "Xəzər Lənkəran"ın yoxlama oyununa "Neftçi"nin formasında yox, mülki paltarda gedərdim və elə yerdə durardım ki, heç kim məni görməzdi"

Bəxtiyar Musayev: "Əgər casusluq etmək istəsəydim, "Xəzər Lənkəran"ın yoxlama oyununa "Neftçi"nin formasında yox, mülki paltarda gedərdim və elə yerdə durardım ki, heç kim məni görməzdi"

"Bu gün "Xəzər Lənkəran"ın Antalyada keçirdiyi yoxlama matçını izləmişəm. Təəssüf ki, oyuna baxan "Neftçi" nümayəndələrini "casus" kimi qələmə veriblər. Açığı, bu, məni çox təəccübləndirdi". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" PFK-nın məşqçisi Bəxtiyar Musayev klubun rəsmi saytına açıqlamasında deyib. O, "casus" qismində təqdim olunmalarının peşəkarlığa uyğun olmadığını söyləyib: ""Xəzər Lənkəran" Premyer Liqadakı rəqiblərimizdən biridir. Biz nəinki onların, digər klubların da oyunlarını izləyirik, məlumat toplayırıq. Bu, dünya futbolunda adi bir haldır. Əgər casusluq etmək istəsəydim, "Neftçi"nin formasında yox, mülki paltarda oyuna gedərdim və elə yerdə durardım ki, heç kim məni görməzdi. Lakin heç kimdən heç nə gizlətmədim. "Neftçi", "Xəzər Lənkəran", eləcə də digər klublarımız hazırda Antalyada təlim-məşq toplanışı keçirlər. Həmin klubların da təmsilçiləri bizim oyunumuza baxmağa gəlirlər. Rəqiblərin oyunlarını izləmək bizim vəzifəmizdir, klubun peşəkar fəaliyyətinin göstəricisidir. Ən təəccüblü məqam odur ki, matçın gedişində bir nəfər qəflətən mənə yaxınlaşıb, şəklimi çəkib, dərhal oradan uzaqlaşdı. Halbuki, onun bizə yaxınlaşıb, fikir öyrənəcəyini, normal davranacağını gözləyirdim. Onun hərəkəti elə casusluğun bir növüdür. Oyunu tək mən deyil, "Neftçi"nin digər nümayəndələri də izləyiblər. Görünür, mənim "Xəzər Lənkəran"dan ayrılmağımı başqa cür qələmə verənlər hansısa məqsəd güdürlər. Hazırda "Neftçi"nin birinci pillədə olması klubumuzun necə fəaliyyət göstərməsinin əyani göstəricisidir".

Bütün xəbərlər Facebook səhifəmizdə