Azərbaycan futboluna səviyyəsiz legionerlərin gətirilməsi ilə uğur qazanmağı düşünməyin yalnış olduğunu "Qarabağ" klubu Avroliqadakı uğurlu çıxışı ilə sübut etmişdi. Başdan-ayağa azərbaycanlı futbolçularla mübarizəyə qatılan Ağdam təmsilçisi əsl uğurun doğmalarımızla da mümkünlüyünü sanki hayqıraraq bəyan etmişdi. Bundan yenə də dərs almayan Azərbaycan klubları isə elə hey öz işləri ilə məşğul olmaqdadırlar. Onlar yalnız "Qarabağ"ı təbrik etməklə kifayətlənərək bu uğurlara necə nail olduqları barədə düşünmədilər də.
Azərbaycanda son illər ən uğurlu baş məşqçi karyerası olan Qurban Qurbanovla eyni postda olan, bu vəzifəyə xaricdən dəvət olunmuş baş məşqçilərin Azərbaycan futboluna nə verdiyinə nəzər salaq. Nə görəcəyik?! Məğlubiyyət, biabrçılıq, rüsvayçılıq... Axı pula görə fəaliyyət göstərən hansı mütəxəssis digər xalqın futbolunun inkişafı uğrunda var gücü ilə səy göstərər. Bunu elə Azərbaycan klublarından "Neftçi"yə gətirilən Gede, milli komandaya təyin olunan Torres və digərləri də sübut ediblər. Onlar dünyada tanınmış, öz sözlərini demiş mütəxəssislər olsalar da, Azərbaycan üçün heç nə etmədilər. Hələ ki, müqaviləsinin müddəti artırılmış Berti Foqtsdan da bir düzgün-əməlli uğur görməmişik. Berti Foqts ey... Dünyanın diqqət mərkəzində, güclü baş məşqçilərin sırasında olan Berti Foqts. Onun Azərbaycanda qazandığı kiçik uğurlar da yenə Qurban Qurbanovun adı ilə bağlıdır. Qurbanovun uğurlu fəaliyyəti nəticəsində inkişaf edən "Qarabağ"dan istifadə etmiş Foqts bundan maksimum yararlanmağı bacardı.
Yaxşı, bəs, "Bakı" klubuna təyin olunmuş, Türkiyənin tanınmış simalarından olan Bülənt Qorxmaz, alman mütəxəssis Vifrid Şafer nə etdi? O qədər pul xərclənib transfer olunan legioner futbolçular nə etdilər?
Bəzi klublarda hətta legioner futbolçulara yerli oyunçular köməklik edirlər. Bunu Azərbaycan futbolçuları da təsdiq edirlər. Həm də xaricilər 2 qat artıq qonorar alırlar.
Axı Azərbaycan futbolçuları ilə eyni səviyyədə olan futbolçuların transfer edilməsi hansı məntiqə uyğundur? Yox, hansısa məntiqə uyğundur ...
İndi heç olmasa klublarımızın "Qarabağ"ın sahib çıxıb yetişdirdiyi Vaqif Cavadova, Rəşad Sadıqova və Mahir Şükurova, Araz Abdullayevə baxıb dərs götürməkləri lazımdır.
İnanaq ki, bir çox klublarımızın da yetirmələri bu səviyyədə çıxış edərək Azərbaycan futbolunu layiqli təmsil edəcəklər. Legionerlər isə Azərbaycan futbolunu yox öz ölkələrinin futbolunu təmsil edirlər. Hansı ki, Azərbaycanda belələrinin təmsillik səviyyəsi də qənaətbəxş deyil.
Azərbaycan futboluna ancaq azərbaycanlı mütəxəssis və futbolçu can yandıracaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB