Şəhriyar Məmmədyarov: "Komanda yoldaşlarıma qarşı oynamaq çətindir" AÇIQLAMA

Şəhriyar Məmmədyarov: "Komanda yoldaşlarıma qarşı oynamaq çətindir" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin V turunda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun görüşündə heç-heçə qeydə alınıb. SİA-nın məlumatına görə, 1 saat 40 dəqiqəlik mübarizənin yekununda tərəflər 30-cu gedişdə xalı yarı bölməyə razılaşıb.
Partiyadan sonra Şəhriyar Məmmədyarov həmyerlisinə qarşı oynamaqda çətinlik çəkdiyini bildirib: "Komanda yoldaşlarıma qarşı oynamaq çətindir. Rauf təkcə həmkarım deyil, həm də dostumdur. İnanın milli üzvləri ilə çox vaxt birgə oluruq. Artıq onları yaxın qohumum hesab edirəm. Çünki, qohumlarımdan çox şahmatçı dostlarımı görürəm. Milli komandamız bu il çox mehribandır. Tez-tez bir-birimizə məsləhət veririk. Şahmatla bağlı sirr saxlamırıq. Raufa qarşı qələbəyə oynamaq mənim üçün asan deyil. Çünki, ona rəqib kimi baxmıram. Sözsüz, başqa yarışda qarşılaşsaydıq, qələbə lazım olsaydı bəlkə də heç-heçə olmazdı. İndiki halda oyunda üstünlük yox idi, ona görə də bərabərlik alındı.

Sabah istirahət günüdür. Dincəlmək istərdim. Ənənəvi futbol yarışı olarsa məmnuniyyətlə iştirak edəcəm".

Blits üzrə Avropa çempionu Rauf Məmmədov da həmkarının dedikləri ilə razılaşıb: "Şəhriyarı çoxdan tanıyıram. Şəmkirdə ona qarşı xüsusi taktika ilə oynamaq alınmadı. 2015-ci ildə burada çox maraqlı oyunumuz olmuşdu. İndiki halda heç-heçə oyuna görə oldu. Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var. Bəlkə də bu səbəbdən münasibətlərə üstünlük verilir. Mənim üçün başqa rəqibə qarşı oynamaq daha yaxşıdır. Uduzmaqdan qorxmuram. Lakin başqa rəqibə qarşı oynasaydım, daha rahat mübarizə aparardım".

Bütün xəbərlər Facebook səhifəmizdə