“Znatokiada-2016”nın açılışı olub FOTOLAR

“Znatokiada-2016”nın açılışı olub FOTOLAR

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Znatokiada-2016" intellektual oyunlar üzrə beynəlxalq turnirin açılışı olub. SİA-nın verdiyi xəbərə görə, açılış mərasimində Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək, beynəlxalq əhəmiyyətli belə layihələrin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Bakıda keçirilən intellektual oyunlar üzrə mötəbər turnirdə 12 ölkədən 70 komanda iştirak edir: "Yarışın 28 May - Respublika Günündə keçirilməsi rəmzi məna daşıyır. Çünki ölkəmizdə gənclərin bilik və peşəkarlığın artırılması istiqamətində mühüm işlər görülür. İntellektual oyunların iştirakçıları tədbirin təşkilini yüksək qiymətləndirirlər.

Hər ölkədən ən güclü intellektualların iştirak etdiyi turnirdə komandalar öz qüvvələrini 4 əsas intellektual yarışma növündə - "Nə? Harada? Nə zaman?", "Breyn-rinq", "Fərdi oyun", "Xəmsə" milli intellektual oyunu və digər intellektual yarışmalarda sınayacaqlar. Turnir çərçivəsində intellektual oyunlar arasında ölkəmizin ilk milli brendi olan "Xəmsə" milli intellektual oyununun təbliğinə xüsusi diqqət yetiriləcək.

Ölkəmizdə hər il keçirilən beynəlxalq intellektual oyunlar dövlət tərəfindən dəstəklənir. Gənclər və İdman Nazirliyi belə tədbirlərin keçirilməsinin təşəbbüskarıdır. Sevindirici haldır ki, intellektual oyunlar özəl qurumlar tərəfindən də dəstəklənməyə başlayıb. Bu isə intellektualların inkişafına həm dövlətin, həm özəl sektorun diqqətinin artdığının bariz nümunəsidir".

Turnirdə Azərbaycanla yanaşı, Almaniya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna komandaları iştirak edirlər.

Qaliblər mayın 30-da müəyyənləşəcək və həmin gün yarışın bağlanış mərasimi olacaq.

Qeyd edək ki, hər il fərqli ölkədə keçirilən turnir bu günədək İsrail, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviyada təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə