İdmançımız beynəlxalq turnirdə birinci olub

İdmançımız beynəlxalq turnirdə birinci olub

"Binə Atçılıq Mərkəzi"ndə atçılığın konkur növü üzrə CSI2* kateqoriyalı beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda azərbaycanlı çaparlara yanaşı, Gürcüstan, Türkiyə, Luksemburq və Almaniyadan olan idmançılar qalib adı uğrunda mübarizə aparıblar.

Turnirin final günündə idmançılar "Elite Horse & Polo Club" atçılıq klubunun ot meydanında yarışıblar. Yarışın nəticələrinə əsasən təmsilçimiz Rəşad Səmədov "Cherowa" ləqəbli atla birinci olub. İkinci pilləni "Cera 59" ləqəbli atla almaniyalı Andre Plat tutub. İlk üçlüyü "Franchesko" ləqəbli atla lüksemburqlu Marsel Even qapayıb.

Xatırladaq ki, yarışın ilk günündə çaparlarımızdan Səid Musayev və Türkiyə təmsilçisi Ömər Şimşək fərqlənmişdi. İkinci yarış gününün ilk turunda Azərbaycan çaparı Rəşad Səmədov qalib gəlib. 2-ci yarışda da Azərbaycan idmançısı ən yaxşı nəticə göstərib. Elmar Abdullayev lüksemburqlu Marsel İven və almaniyalı Andre Platı qabaqlayaraq 1-ci olub.

Qeyd edək ki, yarışları Azərbaycan, Türkiyə, İran, Ukrayna və Rusiyadan olan hakimlər briqadası idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə