“Şuşa-Qarabağ” klubu qayıdır

“Şuşa-Qarabağ” klubu qayıdır

"Şuşa-Qarabağ" Peşəkar Futbol klubunun yeni prezidenti seçilib. SİA-nın məlumatına görə, klubun yeni prezidenti mayın 23-də keçirilən iclasda açıqlanıb. Bundan sonra kluba sahibkar Güləli Qəhrəman oğlu Bağırov rəhbərlik edəcək.

G.Bağırov seçkilərdə 30 səs toplayaraq klub prezidenti postuna layiq görülüb. O, digər namizədləri 23 səs qabaqlayıb. Klubun sabiq rəhbəri Nadir Qasımov isə 7 səs yığıb.

Qeyd edək ki, N.Qasımov "Şuşa-Qarabağ"a 2009-cü ildən prezidentlik edirdi.

Klubun yeni prezidenti G.Bağırov qeyd edib ki, Ermənistanın "Kirs-Şuşi", Krasnodar vilayətində erməni diasporasının yaratdığı və maliyyələşdirdiyi "Naş-Şuşa" futbol komandalarının mövcudluğuna görə, Azərbaycanda "Şuşa-Qarabağ" FK-nın yenidən bərpa olunması cox vacibdir: "Ötən illər ərzində Azərbaycanda "Şuşa-Qarabağ" FK-nın maliyyə səbəbindən fəaliyyətinin dayandırılması çox üzücüdür və ölkəmizin siyasi maraqlarına ziddir. Ona görə "Şuşa-Qarabağ" klubunun nəinki Azərbaycanda, hətta beynəlxalq arenalarda iştirak etməsi yolunda bütün təcrübə və gücümuzü sərf edəcəyik".

Tanınmış mütəхəssis Nadir Qasımov "Şuşa-Qarabağ" futbol klubuna baş məşqçi təyin olunub.

Milli Məclisin deputatı, "Qarabağ" klubunun sadiq azarkeşi Aqil Abbas Şuşa təmsilçisinə AFFA-nın yardım etməli olduğunu vurğulayıb: "Demək olar ki, Azərbaycandakı klubların hamısında maliyyə problemi var. "Şuşa" klubu birinci liqada çıxış edirdi. Komanda normal oyun nümayiş etdirirdi. Maliyyə sıxıntısı problemlərin yaranmasına səbəb oldu. Tək bizdə yox, digər böyük ölkələrdə də klubların maliyyə problemi var. Fransanın "Lans" klubunun da maliyyə problemi var idi. Klub hətta çempionatdan çıxarılma dərəcəsinə gəlmişdi.

Şuşasevərlər və şuşalılar "Şuşa-Qarabağ" klubu yaradıblar. İndi isə imkanları yoxdur. Klub fəaliyyətini müvəqqəti dayandıra bilər. İnanmıram həmişəlik olsun. Yəqin ki, toparlanıb yenidən komandanı vəziyyətdən çıxaracaqlar. Yaxşı olar ki, AFFA da belə komandalara kömək etsin. Məsələn, AFFA "Bakı" klubunun yaşaması üçün 10 milyon pul ayırır. Bilirsiniz ki, "Bakı" da maliyyə problemi ilə üzləşib. Klubun bütün oyunçuları gedib. İndi komandada pul almasalar da azyaşlılar, öz yetirmələri oynayır. Məncə, AFFA Şuşa klubuna da pul ayıra bilər. Qarabağ icması da köməyini əsirgəməz.

Vaxtilə "Qarabağ" klubu da fəaliyyətini dayandırmaq üzrə idi. Futbolçular maaş ala bilmir, yatmağa yerləri yox idi. Onda biz o komandanı saxladıq. İmkan vermədik ki, komanda fəaliyyətini dayandırsın. İndi "Qarabağ" dünyaya meydan oxuyur. Bunu ona görə deyirəm ki, "Şuşa"ya da kömək etmək mümkündür".

Deputat Rövşən Rzayev də "Şuşa-Qarabağ" klubunun fəaliyyəti ilə bağlı münasibət bildirib: "Əgər klub yaradılırsa, AFFA-nın qaydalarına uyğun yaradılmalıdır. Məsələni əvvəldən onlarla birgə həll etməlidirlər ki, sonradan belə problemlər olmasın. Mən vaxtilə "Şuşa" futbol klubu yaratmaqla bağlı onlarla görüşmüşəm. İstərdim ki, onların yaxşı imkanları olsun. Amma hazırki vəziyyətləri barədə heç nə deyə bilmərəm. Klubun fəaliyyətini dayandırmaması üçün AFFA ilə danışıqlar aparmaq lazımdır. Hamımız bir azərbaycanlı kimi istərdik ki, bizdə futbol klubları çox olsun, onlar öz arzularına uyğun olaraq imkanlarından istifadə edə bilsinlər. Amma mən ürəkdən istəyirəm ki, bizim bu klubumuz fəaliyyət göstərsin".

Bütün xəbərlər Facebook səhifəmizdə