Mərkəzi Ordu İdman Klubunun futbol komandası (MOİK) bu gün qış fasiləsi dövründə ilk yoxlama matçını keçirib. Siasport.az saytı xəbər verir ki, Ramil Əliyevin rəhbərlik etdiyi kollektiv "Şəfa" stadionunda AZAL-ın əvəzedici heyəti ilə qüvvəsini sınayıb. Birinci hissədə MOİK-in heyətində əsas heyətin üzvləri forma geyiniblər. Fasilədən sonra isə ordu klubunun məşqçi korpusu əsasən baxışda olan futbolçuları sınayıb. "Hərbçilər"in üstünlüyü şəraitində keçən oyunun taleyi elə birinci hissədə həll olunub. 20-ci dəqiqədə Rafael Qəvami, 39-cu dəqiqədə isə Orxan Babayevin qolları sayəsində komanda 2:0 hesablı qələbə qazanıb.
Həqiqi hərbi xidmətdə olan Azərbaycanın 21
yaşlılardan ibarət yığmasının üzvü Emin Cəfərquliyev artıq MOİK-in düşərgəsinə
qoşulub. O, AZAL-ın əvəzedici heyəti ilə görüşdə debüt edib. Cəfərquliyevin
oyunu və komandadakı yeniliklər barədə MOİK-in baş məşqçisi Ramil Əliyev
bunları deyib: "Emin Cəfərquliyev birinci hissədə mübarizə apardı. Onun, eləcə
də ilk hissədə çıxış edənlərin hamısının oyunu məni razı saldı. İkinci hissədə
forma geyinənlərin bəzilərindən razı, bəzilərindən isə narazı qaldım. Komandamızda
baxışda olanlarla bağlı sabahkı məşqdən sonra qərar veriləcək. Eminə gəlincə,
ilk oyunu olmasına baxmayaraq, o, ümumi ansamblda yaxşı təsir bağışlayırdı. Yəni,
Cəfərquliyev ümidləri doğrultdu. İstənilən halda, heyətdə gənc futbolçulara yer
verəcəyik. Məqsədimiz həm Azərbaycan futbolunun inkişafına töhfə vermək, həm də
Premyer Liqada qalmaqdır".
Həqiqi hərbi xidmətdə olan Nizami Hacıyev və Bəxtiyar
Soltanovun da yaxın günlərdə MOİK-in sıralarına qoşulacağı gözlənilir. "Hərbçilər"
növbəti yoxlama matçına yanvarın 25-də çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB