Teymur Rəcəbov: "Yifanın müdafiədə problemləri var idi" AÇIQLAMA

Teymur Rəcəbov: "Yifanın müdafiədə problemləri var idi" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turnirinin ilk turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çin idmançısı Hou Yifanla bərabərə qalıb. SİA-nın məlumatına görə, yarım xal qazanan Teymur Rəcəbov görüş haqda bunları deyib: "Mənim üçün fərqi yoxdur, xanım rəqib və ya əksinə. Əsas odur ki, lazım olanda həlledici gedişi edəsən. Bu gün görüşün əvvəlində cüzi üstünlük qazanmışdım. Hiss olunurdu ki, rəqib müdafiə oluna bilmir. Yifanın müdafiədə problemləri var idi. Üstünlüyü inkişaf etdirmək mümkün olmadı. İrəliləyiş görünmürdü.

Rəqib haqda ancaq xoş sözlər deyə bilərəm. Hou Yifan güclü şahmatçıdır. Kifayət qədər təcrübəyə malikdir. Bir sıra turnirlərdə qələbə qazanıb. Belə rəqiblə görüşdə səhvlərə yol vermək olmaz".

Çin idmançısı, qadınlar arasında dünya çempionu Hou Yifan isə ilk turun nəticəsindən razı qaldığını bildirib: "Teymur düzgün gedişlərlə üstünlük qazandı. Partiyaya o qədər yaxşı başlamadığımdan ehtiyatlı oynayırdım. Heç-heçə yaxşı nəticədir. Kişilər arasında turnirdə iştirak etmək hər zaman mənim üçün maraqlıdır. Karyeramda həm kişilər, həm qadınlar arasında turnirlərdə mübarizə aparıram. Heç vaxt qadınların yarışında iştirak etməyəcəyimi deməmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə