\"Neftçi\" \"Rubin\" klubu ilə oynamaqdan imtina etdi

\"Neftçi\" \"Rubin\" klubu ilə oynamaqdan imtina etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Bakının \"Neftçi\" klubu Rusiyanın \"Rubin\" komandası ilə qarşılaşmaqdan imtina edib. Siasport.az saytı xəbər verir ki, bu görüşün yanvarın 19-u Türkiyə vaxtı ilə saat 18:00-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin \"Rubin\" klubunun nümayəndələri bu gün müraciət edərək, oyunun yerli vaxtla saat 15:00-da keçirilməsini istəyiblər. Bu isə Antalyada hazırlıq prosesi keçən \"Neftçi\"nin qrafikinə uyğun olmadığına görə, klub oyunun keçirilməsindən imtina edib. Hər gün Antalyada iki məşq prosesi keçən komanda səhər məşqini yerli vaxtla saat 10:30-da, axşam məşqini isə 18:00-da keçirir. \"Rubin\"lə qarşılaşmadan imtina etməyin də səbəbi bu olub.

Dərhal yoxlama görüşü keçirmək üçün komanda axtarışına çıxan klub nümayəndələri Rusiyanın \"SKA-Energiya\" komandası ilə anlaşıblar. Beləliklə, \"Neftçi\" yanvarın 19-da Türkiyə vaxtı ilə saat 18:00-da Rusiyanın \"SKA-Energiya\" komandası ilə yoxlama oyunu keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə