Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasiminə 100 gün qalması və olimpiadanın maskotunun təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, "Crystall Hall"da təşkil olunmuş konfransda gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin sədri, AŞF-nin vitse-prezidenti Mahir Məmmədov, AŞF-nin vitse-prezidenti, olimpiadanın baş hakimi Faiq Həsənov iştirak ediblər.
Nazir A.Rəhimov Azərbaycanın mötəbər idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib: "Azərbaycanda tez-tez beynəlxalq yarışlar keçirilir, amma yenə də hər dəfə yarışların başlanmasına vaxt azaldıqca həyəcanlanırıq. İlk dəfədir ki, Azərbaycana 180 ölkənin nümayəndəsi gələcək. Bu, eyni zamanda ölkəmizi dünyada daha yüksək səviyyədə tanıtmağımız üçün bir şansdır. Olimpiadada dünyanın ən güclü şahmatçıları Bakıda bir araya gələcək. Bu, dünya və Azərbaycan şahmatının inkişafına təkan verəcək".
Nazir bildirib ki, Azərbaycanda şahmatın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafı üçün böyük qayğı göstərir: "Bu səbəbdən Azərbaycan şahmat sahəsində böyük uğurlara imza atıb. Şahmatçılarımız beynəlxalq səviyyədə önəmli nailiyyətlər qazanıblar. İnanıram ki, Bakı Şahmat Olimpiadası da Azərbaycanda yüksək səviyyədə keçiriləcək. Bütün hazırlıq işləri FİDE tərəfindən izlənir. Şahmatsevərlər bu mötəbər yarışdan razı qalacaqlar".
FİDE prezidenti K.İlümjinov 42 Şahmat Olimpiadasına 100 gün qalmasına baxmayaraq, təşklati işlərin son mərhələdə olduğunu bildirib: "Bakıda keçiriləcək Şahmat Olimpiadası dünya şahmat tarixinə düşəcək. Komandalar bu yarışa ən yüksək heyətlə gələcəklər. Şahmat Olimpiadası iştirakçı sayına görə yalnız Yay Olimpiya Oyunlarından geri qalır".
O, Azərbaycanda şahmata göstərilən dövlət qayğısından danışıb: "Azərbaycan 2008-ci ildə şahmatla bağlı Dövlət Proqramı qəbul etmiş ilk ölkədir. Ölkənizdə bu idman növünə dövlət səviyyəsində dəstək göstərilir. Cənab Prezident İlham Əliyev şahmatın inkişafı üçün böyük qayğı göstərir. Mən Prezident İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, Bakı Şahmat Olimpiadası ən yaxşı olimpiadalardan olacaq".
AŞF prezidenti E.Rüstəmov Şahmat Olimpiadasının dünyanın ən böyük yarışlarından olduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan olimpiadada 3 komanda ilə təmsil olunacaq. AŞF prezidenti Şahmat Olimpiadasının Bakıda keçirilməsinin ölkəmizə olan etimadın göstəricisi olduğunu vurğulayıb.
"Azərbaycanda şahmatın inkişafının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Biz bu gün Onun apardığı işlərin nəticələrini görürük. Son qələbələrimiz də Azərbaycan şahmatının inkişafından xəbər verir. Cənab Prezident İlham Əliyev də şahmatın inkişafına xüsusi önəm verir. Biz gənc və yeniyetmə şahmatçıların timsalında Azərbaycanın potensialını görə bilirik", -deyən E.Rüstəmov komandalarımızın Bakı Şahmat Olimpiadasına çox ciddi hazırlaşdığını qeyd edib. O, Əməliyyat Komitəsinin bütün hazırlıq işlərini peşəkarlıqla idarə etdiyini əlavə edib.
Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin sədri, AŞF-nin vitse-prezidenti M.Məmmədov olimpiadanın hazırlıq işlərindən danışıb: "Olimpiadanın açılış mərasiminin yeri müəyyənləşdirilib, tədbir üçün hazırlıq işləri başlayıb. Açılış mərasimi izdihamlı olacaq. Tədbir Milli Gimnastika Arenasında təşkil ediləcək. Dövlət başçısının sərancamı ilə Bakıya gələcək idmançıların viza məsələsi liberallaşdırılıb. Nəqliyyat işində də heç bir problemimiz yoxdur. Olimpiadaya 70-ə yaxın irihəcmli avtobuslar cəlb olunacaq. Otellər əsasən 4 və 5 ulduzlu mehmanxanalardır. Onların əksəriyyəti bulvar ətrafında yerləşir. Oyunlar "Crystal Hall"da keçiriləcək. Media üçün konfranslar və şərhlər də bu məkanda təşkil olunacaq. Təhlükəsizlik işləri diqqətdə saxlanılır və yüksək səviyyədə olacaq".
Daha sonra Bakı Şahmat Olimpiadasının Maskotu təqdim edilib və geriyə sayım saatına start verilib. Maskotun müəllifinə isə sertifikat və min manat pul mükafatı təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB