BŞH və AZƏRTAC arasında tərəfdaşlıq haqqında saziş imzalanıb FOTOLAR

BŞH və AZƏRTAC arasında tərəfdaşlıq haqqında saziş imzalanıb FOTOLAR

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bu ilin iyun ayında Bakıda keçiriləcək Formula-1 Avropa Qran Pri yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb. SİA-nın məlumatına görə, AZƏRTAC-ın mərkəzi ofisində keçirilən tədbirdə gənclər və idman naziri və BHŞ-nin sədri Azad Rəhimov və Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov iştirak ediblər.

Nazir A.Rəhimov AZƏRTAC-ın ölkəmizdə keçirilən mötəbər idman tədbirlərini yüksək səviyyədə işıqlandırdığını, agentliyin bu sahədə zəngin tərübəyə malik olduğunu bildirib. O, AZƏRTAC-ın 50-dən artıq əməkdaşının birinci Avropa Oyunlarında yarışları yüksək peşəkarlıqla dünyaya yaydığını qeyd edib: "Biz çox şadıq ki, 1 əsrə yaxın tarixi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ölkəmizdə ilk dəfə baş tutacaq Formula-1 Avropa Qran Prisi haqqında geniş miqyasda məlumatlılığın artırılmasına dair əməkdaşlıq edirik. Əldə olanan razılığa əsasən AZƏRTAC ölkə daxilində və xaricdə sahib olduğu bütün imkanları səfərbər edərək Bakıda keçiriləcək Formula-1 yarışını bütün dünyaya ötürəcək. Biz, həmçinin yarış vasitəsilə paytaxt Bakını və ümumilikdə milli mədəniyyətimizi dünya ictimaiyyətinə təbliğ edəcəyik. Bu şərəfli işdə bizə dəstək göstərdiyi üçün AZƏRTAC-ın rəhbərliyinə və bütün kollektivinə təşəkkürümü bildiriəm. İnanırıq ki, bu əməkdaşlıq ölkəmizin bütün dünyada daha geniş səviyyədə tanıdılmasında əvəzsiz rol oynayacaq".

AZƏRTAC-ın baş direktoru A.Aslanov tərəfdaşlıq sazişinin əhəmiyyətindən danışıb: "Dünya informasiya məkanında özünəməxsus yer tutan, mötəbər beynəlxalq media qurumlarında fəal təmsil olunan agentliyimizin həyatında bu gün daha bir əlamətdar hadisə baş verir. AZƏRTAC-ın Azərbaycanda keçiriləcək mötəbər idman yarışını geniş təbliğ etməsi üçün BŞH ilə rəsmi media tərəfdaşlığından məmnunluq duyuruq. Agentliyimiz təmsil olunduğu dünyanın ən böyük informasiya alyansları, eləcə də əməkdaşlıq etdiyi 130-dan çox ölkənin xəbər agentlikləri vasitəsilə Bakıda keçiriləcək Formula-1 yarışının da fəal təbliğatını aparır. Avropa Qran Prisinin informasiya təminatı üçün bütün potensialını səfərbərliyə alan AZƏRTAC üzərinə düşən məsul missiyanın öhdəsindən layiqincə gəlməyə, bu möhtəşəm idman yarışının həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə öz töhfəsini verməyə çalışacaq".

Daha sonra rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb və xatirə şəkli çəkdirilib.

Nazir Azad Rəhimov və AZƏRTAC-ın baş direktoru Aslan Aslanov jurnalistlərin suallarını cavablandırıblar.

Nəzərinizə çatdıraq ki, sazişə əsasən AZƏRTAC BŞH-nin tədbirlərinin işıqlandırılmasında üsünlük qazanacaq və eyni zamanda əməliyyat şirkəti tərəfindən təşkil olunacaq yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının Formula-1 üzrə dünya çempionatında iştirak edən komandalar və sürücülər ilə bağlı həftəlik materiallar yayımlayacaq.

Qeyd edək ki, tədbirdə xarici qonaqlar da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə