Azad Rəhimov: "2011-ci ildə isə 6 Olimpiya Kompleksinin istismara verilməsi planlaşdırılıb"

Azad Rəhimov: "2011-ci ildə isə 6 Olimpiya Kompleksinin istismara verilməsi planlaşdırılıb"
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Gənclər və İdman Naziri Azad Rəhimovun çıxışı

Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!

2010-cu il ölkə həyatının bütün sahələrində olduğu kimi gənclərlə iş və idman sahəsində də əlamətdar il olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş, milli maraq və mənafelərə söykənən genişmiqyaslı inkişaf strategiyası bu gün, Cənab Prezident, Sizin rəhbərliyinizlə özünün yeni intibah dövrünü yaşayır.
Qəbul edilmiş qanunlar, dövlət proqramları, imzalanmış fərman və sərəncamlar, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr bir-biri ilə sıx bağlı olan gənclər və idman sahələrinin də inkişafına səbəb olmuşdur.
Hesabat dövründə dövlət gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə Gənclər və İdman Nazirliyinin mərkəzi aparatı tərəfindən 100-ə qədər müxtəlif tədbir keçirilmişdir ki, onlardan da 19-u beynəlxalq səviyyəli olmuşdur.
Gənclərlə iş sahəsində təcrübə mübadilələrinin aparılması və beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi məqsədi ilə Bakıda MDB üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının növbəti iclası, GUAM ölkələrinin gənc liderlərinin Forumu, Özbəkistan Gəncləri Günləri, VII "Start" Beynəlxalq Tələbə Filmləri Festivalı, "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə Dünya Çempionatı və s. tədbirlər təşkil edilmiş və iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir. Qeyd edək ki, Azərbaycan komandası intellektual yarışmada Dünya Çempionu titulunu qazanmışdır.
Avropa Gənclər Fondunun rəsmi məlumatına görə son 4 ildə Azərbaycanın gənclər təşkilatlarının 114 layihəsinə fond tərəfindən 1.400.000 Avro dəyərində maliyyə vəsaiti ayrılmışdır ki, bu da Avropa məkanında ən yüksək göstəricidir.
Fərəhli haldır ki, Azərbaycan gəncləri bu gün 30-dan çox Avropanın və dünyanın nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunurlar.
"Elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Beynəlxalq Münasibətlər üzrə Alimlərin 1-ci İllik Simpoziumu, Gənc Alimlərin 1-ci Respublika İnnovativ İdeya Yarmarkası, ekologiya ili çərçivəsində "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfrans və digər tədbirlər təşkil edilmiş, gənc alimlərin elmi əsərlərindən ibarət toplular nəşr olunmuşdur.
Ötən dövr ərzində nazirlik tərəfindən yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədi ilə respublikanın 67 rayon və şəhərlərini əhatə edən Gənclərin Vətənpərvərlik Tərbiyəsi Klublarının şəbəkəsi yaradılmış, "Vətən sağ olsun" telelayihəsi həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilərək "Mən azərbaycanlıyam" və "Xəmsə" yeni intellektual televiziya layihələri həyata keçirilməyə başlamışdır. Qeyd olunan layihələr gənclərimiz arasında böyük marağa səbəb olmuş və hal – hazırda ölkənin təhsil ocaqlarında, şəhər və rayonlarımızda eyni adlı klubların yaradılması geniş vüsət almışdır. Xüsusilə "Mən azərbaycanlıyam" telelayihəsini qeyd etmək istəyirəm. Ulu öndərimiz Heydər Əliyevin məhşur fikrindən yaranmış layihənin məqsədi - Azərbaycanın zəngin tarixini və milli-mədəni irsimizi gənclərə tanıtdırmaq, Azərbaycanda yaşayan xalqların və etnik qrupların azərbaycançılıq fəlsəfəsi əsasında birliyini nümayiş etdirmək, regionlarımızın sosial-iqtisadi inkişafını geniş ictimaiyyətə çatdırmaqdır.
Hesabat dövründə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar, konfranslar, təlim kursları, diskussiyalar keçirilmiş, yay aylarında 1000-dən artıq gəncin iştirakı ilə respublikamızın müxtəlif bölgələrində istirahət və təlim düşərgələri təşkil edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Bakıda 46 ölkədən 600-dən artıq nümayəndənin iştirakı ilə Yeniyetmələrin 6-cı Beynəlxalq Elm Olimpiadası yüksək səviyyədə keçirilmişdir.
Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri, xanım Leyla Əliyevanın təşəbbüsü ilə 2009–cu ilin aprel ayında təsis edilmiş Azərbaycanlı Gənclərin Rusiya Təşkilatı Rusiya üzrə azərbaycanlı gənclərin vahid bir təşkilatda birləşməsinin əsasını qoymuşdur. Keçən müddət ərzində təşkilat tərəfindən Rusiya Federasiyası miqyasında, ayrı-ayrı vilayətlərində ictimai fəal gənclərin təşkilatlanması, onların problemlərinin müəyyən edilməsi və həlli, Azərbaycan tarixinin və mədəni irsinin Rusiyanın ali təhsil ocaqlarında təbliğ edilməsi istiqamətində bir sıra maraqlı layihə və tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə Moskva şəhərində təşkilatın 2-ci Konfransı təşkil edilmişdir.
Bununla yanaşı Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlı Gənclərinin 1-ci Konqresi, Bakıda Xaricdə Təhsil Alan və Məzun olmuş Azərbaycanlı Gənclərin 8-ci Forumu, London və Paris şəhərlərində xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşlər və ilk dəfə olaraq Dağıstanda "Azərbaycan Gəncləri günləri" keçirilmişdir.
Ümumilikdə ölkədə 200-dən artıq gənclərin qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Tələbələrin ictimai həyatda fəallığını artırmaq üçün 2009-cu ildə Azərbaycan Tələbə Gənclər Təşkilatlarının İttifaqı, ötən il isə Xaricdə Təhsil Alan və Məzun olan Tələbələrin Beynəlxalq Forumu (ASAİF) təsis edilmişdir.
Hesabat dövründə 33 ölkə ilə həyata keçirilən mübadilə proqramlarında 600 gəncin iştirakı təmin edilmiş, qeyri-hökumət gənclər təşkilatları tərəfindən təqdim edilmiş 37 layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Möhtərəm cənab Prezident!

Gənc nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, yüksək dərəcəli idmançıların hazırlanması, olimpiya hərəkatının genişləndirilməsi, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmişdir.
Azərbaycan dünyada idman dövləti kimi tanınır. Belə ki, il ərzində ölkəmizdə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında Dünya birinciliyi, sərbəst və yunan-roma güləşi üzrə Avropa çempionatı, boks üzrə gənclər arasında Dünya birinciliyi, bodibildinq üzrə Dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı, Beynəlxalq Mingəçevir Reqatası Yarışı, Atçılığın konkur növü üzrə dünya kubokunun təsnifat mərhələsi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilmişdir.
Ümumilikdə ölkəmizdə 84 idman növü üzrə 457 idman yarışı keçirilmişdir ki, onlardan da 49-u beynəlxalq səviyyəli olmuşdur.
Bundan başqa 4000 nəfərdən artıq idmançımız 352 beynəlxalq yarışlara ezam olunmuşdur.
2010-cu ilin ən möhtəşəm idman nailiyyəti təbii ki, Sinqapurda keçirilmiş Yeniyetmələrin 1-ci Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etmələri olmuşdur.
Bu Oyunlarda Azərbaycanın 12 nəfərdən ibarət komandası 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutmuşdur. Eyni zamanda Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən 2-ci ölkə olmuş, ümumi hesabda islam dövlətləri arasında 1-ci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutmuşdur.
Bakıda keçirilmiş sərbəst və yunan-roma güləşi üzrə Avropa çempionatında idmançılarımız 7 qızıl, 2 gümüş və 1 bürünc, boks üzrə gənclər arasında Dünya birinciliyində 1 qızıl, 1 gümüş, 1 bürünc, bodibildinq üzrə Dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanmışlar.
Türkiyədə keçirilən cüdo üzrə Dünya çempionatında paralimpiyaçı cüdoçularımız 3 qızıl və 3 bürünc medal qazanmışlar.
İspaniyada təşkil olunmuş kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında idmançılarımız Avropa çempionu adına layiq görülmüşdür.
Moskvada keçirilmiş bədii gimnastika üzrə Dünya Çempionatında idmançımız Aliyə Qarayeva fərdi yarışlarda 3 bürünc, komanda hesabında isə yığmamız 1 bürünc medal qazanmışdır. Azərbaycan yığması 4 bürünc medalla mükafatların ümumi sayına görə çempionatı 3-cü yerdə başa vurmuşdur. Ümumilikdə bu uğurlar bizim idmançıların möhkəm iradəsinin, vətənpərvərlik ruhunun və vətən sevgisinin bariz təzahürüdür.
2010-cu ildə idmançılarımız ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldırmış, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək ümumilikdə 675 medal qazanmışlar ki, bunlardan da 206-ı Olimpiya idman növləri üzrədir. Eyni zamanda il ərzində 95 idmançimiz dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülmüşlər.
Bu uğurlarla bərabər bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, bu il London Olimpiya Oyunlarına hazırlığın son ilidir. Sizin "XXX Yay Olimpiya Oyunlarına Hazırlıq haqqında" 22 iyun 2010-cu il tarixli Sərəncamınıza uyğun olaraq, hazırlıq işləri xüsusi Konsepsiya üzrə həyata keçirilməkdədir.
Bu il Bakıda cüdo, boks, taekvondo üzrə lisenziya xarakterli yarışlar keçiriləcəkdir.
Hazırlıqla əlaqədar olaraq ölkəmizdə və xaricdə keçiriləcək yarışlarda, təlim-məşq toplanışlarında idmançılarımızın iştirakı, lisenziya turnirlərindən maksimum nəticənin əldə olunması və milli yığma komandalarımızın tərkibinin formalaşdırılması əsas məqsədlərimizdəndir.
"Gənc nəsil yetişir, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi şərəflə təmsil edirlər. Bu onu göstərir ki, uğurlarımız təsadüfi xarakter daşımır, məqsədyönlü, düşünülmüş siyasətin və idmanla məşğul olan bütün qurumların birgə fəaliyyəti nəticəsində biz bu uğurlardan danışa bilərik"- Cənab Prezident, Sizin tərəfinizdən deyilən bu fikirlər bizim işimizə verilən ən yüksək qiymətdir. Bizim qarşımızda duran ən əsas vəzifə isə bu böyük etimadı doğrultmaqdır.

Möhtərəm cənab Prezident!

İdmançıların yarışlarda uğurlu çıxış etmələri üçün ilk növbədə onların məşq şəraitinin yüksək səviyyədə olması vacibdir. Bu baxımdan Bakı şəhərində və ölkəmizin digər şəhər və rayonlarında tikilib istifadəyə verilən və tikilməkdə olan müasir Olimpiya İdman Kompleksləri mühüm əhəmiyyət kəsb edir.
2010-cu il ərzində daha 4- Göyçay, Ağdaş, Balakən və Horadiz Olimpiya İdman Kompleksləri istismara verilmiş, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya Komplekslərinin sayı 28-ə çatmışdır. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi planlaşdırılmışdır.
2010-cu ildə Müşfiqabad qəsəbəsində idman-sağlamlıq mərkəzi istifadəyə verilmişdir.
Bundan başqa- Cənab Prezident, Sizin xüsusi tapşırığınızla Mingəçevir şəhərində "Kür" Olimpiya Tədris İdman Mərkəzi tikilib istifadəyə verilmişdir. Mərkəzdə MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılmışdır, hansı ki, nadir iqlim şəraiti ilə fərqlənir. Bu baza nəinki idman bazası kimi, eyni zamanda turizm obyekti kimi də yüksək səviyyəli xidmətlər göstərmək imkanlarına malikdir.
Son zamanlar idman qurğularının dünya və Olimpiya Oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir. Bu tələblərə cavab verən Gimnastika kompleksinin tikintisi davam etdirilir, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılmışdır, Bakı şəhərində Hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir, Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır.
Qeyd etmək istəyirəm ki, müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işlərinə başlanılmışdır.
Gənclər və idman sahələrində beynəlxalq əlaqələrin inkişafına xüsusi əhəmiyyət verilmiş, ilk dəfə olaraq Bakıda 36 ölkənin idman qurumlarının rəhbərlərinin iştirakı ilə Avropa Şurası İdmana məsul nazirlərin 18-ci Konfransı keçirilmişdir.
Dekabr ayında Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclasında Bakıda keçirilmiş konfransın yekunlarına dair Avropa Şurası Baş katibinin hesabatı dinlənilmişdir.
İl ərzində gənclərlə iş və idman sahələrində İordaniya, Küveyt, Misir, Ukrayna, Belarus, Makedoniya və İspaniyanın müvafiq qurumları ilə bir sıra Saziş, Anlaşma Memorandumu və fəaliyyət proqramları imzalanmışdır.
Xüsusilə qeyd etmək lazımdır ki, İspaniya Krallığının Ali İdman Şurası ilə Gənclər və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair iki dövlət arasında ilk rəsmi Memorandum imzalanmışdır.

Möhtərəm cənab Prezident!

Sizin daim ölkəmizdə gənclərə, idmançılara göstərdiyiniz diqqət və qayğı, bu sahəyə olan xüsusi münasibətiniz hər bir gənci, idmançı və məşqçini, hamımızı daha böyük əzm və səylə Azərbaycana, ölkə gəncliyinə və idmana xidmət etməyə ruhlandırır.
Sizi əmin etmək istəyirik ki, Gənclər və İdman Nazirliyi gənclərlə iş və idman sahələrində qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini bundan sonra da məsuliyyətlə yerinə yetirəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə