"Qalatasaray"ın yeni stadionu rəsmən fəaliyyətə başladı. Siasport.az saytı xəbər verir ki, ötən həftə 47 illik məbəd - "Ali Sami Yen" stadionu ilə vidalaşan "Cim-Bom" bu gecə "Ali Sami Yen" İdman Kompleksi "Türk Telekom Arena"ya "xoşgəldin" dedi.
"Türk Telekom Arena"nın açılışı Hollandiyanın "Ayaks" klubu ilə baş tutan oyunla keçirildi. Oyundan əvvəl pop-ulduz Kenan Doğulu arenada konsert proqramı ilə çıxış etdi. Ardınca işıq effektlərindən hazırlanmış və "Qalatasaray"ın tarixini özündə əks etdirən şou təşkil olundu, atəşfəşanlıq keçirildi. Göstəridə izləyicilərə 560 nəfərin hazırladığı "Qalatasaray"ın simvolu olan "Aslan" konsepti təqdim olundu.
Bir çox dövlət və hökumət rəsmisinin qatıldığı gecədə baş nazir Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Stadionun girişində "Kanal D" "Ana Xəbər"in aparıcısı Mehmet Ali Biranda açıqlama verən baş nazir bu arenanın türk futbolu adına böyük bir addım olduğunu, stadionun tikintisi üçün çox zəhmət çəkdiklərini və işlərin davam etdiyini bildirdi. "Stadionun inşası dövründə yaranan problemlər tenderi qazanan şəxslərdən qaynaqlanırdı. Problem yarandığından TOKİ olaraq stadionun tikintisini öz üzərimizə götürdük. Bu müddətdə "Varyap" və "Uzunlar" firmaları layihəyə daxil oldu. Stadionla bərabər bura metroda gəldi. Bunların hamısı stadiona hesablanmış işlərdi. 2005-ci ildə İstanbulda final həyacanı yaşadıq. 2009-da yenə belə oldu. "Türk Telekom Arena"da da böyük bir finalın təşkilini istəyirik".
"Fənərbaxça" azarkeşi olaraq tanınan baş nazir komandasının Türkiyə Kubokunda "Yeni Malatyaspor"a yenilməsi ilə bağlı suala gülə-gülə "Biz alışdıq bu işlərə" deməklə cavab verdi.
Açılışa qatılan dövlət naziri Egemen Bağış isə fərqli açıqlama ilə çıxış etdi: "Mən bir "Fənərbaxça"lı olaraq İstanbulun belə bir stadiona qovuşmasına görə qurur duyuram. "Qalatasaray"lı qardaşlarımızı təbrik edirəm".
Açılışa qatılan UEFA-nın vitse-prezidenti Şenes Erzik də çox xoşbəxt olduğunu dedi: "Qarşıda Avropa Liqası və Çempionlar Liqasının finalları var. Onları Türkiyəyə gətirə bilərik. AVRO-2016-ya ev sahibliyi edə bilmədik. İnşallah, AVRO-2020-nin təşkilatçılıq hüququnu alarıq. Bu gözəl stadionu UEFA standardlarına uyğun tikilib. Burda istənilən beynəlxalq oyunu keçirə bilərik".
Açılış mərasimində çıxış edən "Qalatasaray"ın preztdenti Adnan Polat tarixi bir gün yaşadıqlarını və "Qalatasaray" üçün yeni bir dönəmin başladığını bildirdi: "Türk Telekom Arena" yeni dönəm "Qalatasaray"ın beynəlxalq arenalarda üstünlüyünü təmin edəcək".
Baş nazirə təşəkkür edən Polat "Türk Telekom Arena"da böyük zəfərlərə imza atacaqlarını bildirdi: "Qalatasaray" yeni dönəmdə hər sahədə "Türk Telekom Arena"nın yaradacağı enerji ilə, güclə böyük uğurları yeni stadiona daşıyacaq. Sizdən gözlədiyimiz bir şey var, hər zaman komandaya dəstək olun".
"Ali Sami Yen"də qazanılan uğurlarda futbolçu kimi böyük pay sahibi olan "Qalatasaray"ın hazırkı baş məşqçisi Georgi Haci işıqlı gəcəyə inandığını bildirdi: "Hər şey yeni və çox gözəldi. Böyük uğurlarla dolu gələcəyimizin olmasını istəyirik. Yeni stadionumuz "Ali Sami Yen"dən daha böyükdü. Ümid edirəm ki, ordakı uğurlardan daha böyüklərini qazanacağıq".
Açılış oyununa - "Qalatasaray" - "Ayaks" matçına gəlincə, "Türk Telekom Arena"dakı ilk görüşdə azarkeşlər qol izləmədi. "Qalatsaray" meydana 6 itki ilə çıxmışdı. Georgi Haci zədə səbəbindən heyətdən kənarda qalan Milan Baroş, Gökhan Zan, Çağlar Birinci və Xuan Pablo Pino ilə yanaşı, Asiya çempionatına qatılan Lukas Neyl və Harri Kyuellin də xidmətindən məhrum idi. Haci dostluq matçında gənc oyunçular - Cem Sultan, Anıl Dilaver, Emre Gemici, Cumhur Yılmaztürk, Berk Neziroğulları, Bilal Özhan, Ahmet Kesim, Yusuf Onur Arıkan, Semih Oğuz və Emirhan Ergünün adını 26 nəfərlik heyətə daxil etmişdi. 90 dəqiqə ərzində komandalar çoxsaylı qol imkanları qazansalar da, gerçəkləşdirə bilmədilər və oyun 0:0 hesabı ilə başa çatdı. // fanat.az
"Qalatasaray" (Türkiyə) - "Ayaks" (Hollandiya)
"Qalatasaray": Ufuk, Serkan (İnsua, 46), Kana, Servet (Semih, 67), Hakan (Barış, 46), Sabri, Ayhan (Mustafa, 46), Emre (Cumhur, 89), Culio (Aydın, 59), Arda, Kazım (Anıl, 59).
"Ayaks": Stekelenburq, Van Der Viel (Anita, 59), Aldervayreld, Vertonqen (Oojier, 79), Emanuelson (Blind, 63), De Zeeuv, Enoh (Suares, 63), Suleymani, Eriksen, Bonevaçiya (Aras, 70), De Yonq (Lindqren, 80).
HakimlƏr: Fırat Aydınus, Serkan Ok, Orkun Aktaş.
Sarı vərəqə: Serkan, 23.
Stadion: "Türk Telekom Arena"


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB