Avropa çempionatına Portuqaliya-İspaniya matçı ilə yekun vurulacaq
"UEFA U-17"nin finalı

Bu gün Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi müəyyənləşəcək. Qitə birinciliyinin finalında Portuqaliya və İspaniya milliləri qarşılaşacaq. 8-ci kilometr stadionunda saat 20:00-da başlanacaq görüşü çexiyalı referi Petr Ardeleanu idarə edəcək.

Helio Souzanın baş məşqçisi olduğu Portuqaliya komandası "A" qrupunun açılış oyununda Azərbaycan yığmasına 5:0, Şotlandiyaya 2:0 hesabı ilə qalib gələrək, ardından Belçika ilə heç-heçə edib - 0:0. Portuqaliya millisi finaladək qapısından bir top belə buraxmayıb. Qapıçı Dioqu Koşta 624 dəqiqə çərçivəni toxunulmaz saxlayıb. Hücumçu Joze Qomes isə yeddi qolla bombardirlər siyahısına başçılıq edir.

Turnirdə "D" qrupunda mübarizə aparan İspaniya isə Hollandiyanı 2:0, İtaliyanı 4:2 hesabı ilə məğlub edərək, Serbiya ilə bərabərliyə qalıb - 1:1. Nəticədə, komanda 7 xalla qrup lideri kimi mərhələ adlayıb.

Dörddəbir finalda Portuqaliya Avstriyaya 5:0, İspaniya İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib. Yarımfinalda Portuqaliya Hollandiyanı 2:0, İspaniya isə Almaniyanı 2:1 hesabı ilə məğlub edib.

Nəticədə, Portuqaliya və İspaniyanın U-17 milliləri bu gün tarixlərində ikinci dəfə finalda üz-üzə gələcəklər. 2003-cü ildə keçirilmiş həlledici qarşılaşmada Portuqaliya qələbə qazanmışdı - 2:1. Lakin həmin çempionat qalib komandanın vətənində təşkil olunmuşdu.

Portuqaliya Avropa çempionatının final mərhələsində 2002-ci ildən çıxış edir və bu müddətdə qızılla yanaşı, bürünc medalı (2004-cü il) da hesabına yazıb. Altıncı dəfə final oynayacaq İspaniya isə ikiqat Avropa çempionu (2007, 2008-ci il) və bir dəfə bürünc mükafatçı (2006-cı il) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə