Qurban Qurbanov: "Kubokun final oyununun favoriti yoxdur" MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə qızıl medallar qazanan "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov mükafatlandırma mərasimindən sonra jurnalistlərin sullarını cavablandırıb. SİA baş məşqçinin müsahibəsini nəzərinizə çatdırır:

- Ardıcıl 3-cü dəfə ölkə çempionluğunu bayram edirsiniz. Fikirlərinizi bilmək maraqlı olardı...

- Çempionluq bütün idmançıların arzusudu. Buna nail olduqdan sonra istəyirsən ki, yenə uğura imza atasan. 3 ildi ki, "Qarabağ" çempionluq kubokunu başı üzərinə qaldırır. Bu da sevindiricidir. Əlbəttə ki, yenə öz üzərimizdə daima çalışmalıyıq.

- Ölkə kubokunun finalında qarşılaşacağınız "Neftçi" çempionatının son turlarında yaxşı çıxış edir. Bu, sizi ehtiyatlandırmır?

- Bəli, düz qeyd etdiniz. Oyun sistemində də dəyişiklik edilib. Bu da bizi düşünməyə məcbur edir. Kubok oyunu tam fərqli olur. Rəqibin çox sürətli və istəkli futbolçuları var. Son vaxtlar "Neftçi" rəhbərliyi ilə yanaşı, futbolçularının da istəyi artıb. Biz də bu məsuliyyəti hiss edib, ciddi hazırlaşmalıyıq. Kubokun final oyununun favoriti yoxdur.

- Komandadan göndəriləcək futbolçuları müəyyənləşdirmisiniz, yoxsa ölkə kubokundan sonra bu barədə düşünəcəksiniz?

- Xeyr. Bunun üçün hələ vaxtımız var. Çalışacağıq ki, sabahdan etibarən kubokun final matçı barədə düşünək.

- Kubokun final matçının keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunun ot örtüyünün yenilənməsindən sonra durum sizi qane edirmi?

- Məncə, pis olmayacaq. 4-5 gün əvvəl arenaya baş çəkmişdim. Bəlkə də düşünyümüzdən daha yaxşıdı. Yeni ot örtüyü olduğundan çatışmazlıqlar ola bilər. Amma mütəxəssislərlə danışmışıq, problem olmayacağını bildiriblər.

- "Rəvan"la qarşılaşmadan fərqli olaraq, AZAL-la oyuna əsas heyətlə çıxmışdınız. Bu, çempionluq mərasiminə, yoxsa final qarşılaşmasına hazırlığa görə idi?

- Son oyunlarda fərqli heyətlərlə çıxış etdik. Futbolçularda istər-istəməz yorğunluq var idi. Buna görə də dəyişiklik etmişdik. Bəzi oyunçularımızın istirahətə ehtiyacı vardı.

Sportal.az

Bütün xəbərlər Facebook səhifəmizdə