Bakıda London Olimpiadasında yarışları idarə etməyə vəsiqə verən taekvando üzrə seminar başlanıb

Bakıda London Olimpiadasında yarışları idarə etməyə vəsiqə verən taekvando üzrə seminar başlanıb

Bakıda Avropa və Afrikanın 45-dək ölkəsindən 97 beynəlxalq dərəcəli hakimin iştirakı ilə London Olimpiadasında yarışları idarə etməyə vəsiqə verən taekvando üzrə seminar başlanıb. Siasport.az saytı xəbər verir ki, seminarı açıq elan edən Ümumdünya Taekvondo Federasiyasının (WTF) Hakimlər Komitəsinin sədri Şakir Çelbat tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib. Beynəlxalq təşkilatın rəsmi nümayəndəsi ölkəmizdə taekvondonun inkişafında xidmətlərinə və mötəbər tədbirlərin yüksək səviyyədə təşkilinə görə WTF-in prezidenti doktor Çunq Vo Çonun adından Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova xüsusi təşəkkürünü çatdırıb. Sonra ATF-in vitse-prezidenti Fizuli Musayev qonaqları salamlayaraq, idman ölkəsi olan Azərbaycanda belə nüfuzlu tədbir və yarışların keçirilməsinin artıq ənənə halı aldığını qeyd edib və ölkə rəhbərliyinin idmana xüsusi önəm verdiyini diqqətə çatdırıb. Tədbir iştirakçılarına ATF-in xüsusi idman dəsti hədiyyəsi təqdim edilib.

Qeyd edək ki, Dünya Taekvondo Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkil etdiyi olimpiada hakimlərinin seçim seminarı kimi mötəbər tədbir respublikamızda ilk dəfədir ki, keçirilir. Seminarın nəzəri hissəsi Qafqaz Point Mehmanxanasında, praktiki hissə isə Heydər Əliyev adına İdman və Konsert Kompleksində keçiriləcək. Olimpiya hakimlərinin seçimi prossesində referilərin səviyyəsi (klass), son olimpiya dövründə (4 il) iştirak etdiyi beynəlxalq yarışlar, imtahanlarda cavabları nəzərə alınacaq. Bakıda təşkil edilən mötəbər seminardan seçilən 24 hakim mayda Koreyada olimpiya lisenziyalı dünya çempionatında, iyulun əvvəlində isə yenidən paytaxtımızda olimpiadaya vəsiqə verən beynəlxalq turnirdə bir daha sınaqdan çıxarılacaqlar. Bu proses Panamerika həmçinin Asiya və Okeaniya zonası ölkələrinə şamil olunacaq. Hər ölkə Olimpiya oyunlarında yalnız bir hakimlə təmsil olunacaq. 2012-ci il London Olimpiadasında taekvondo yarışlarını idarə etməyə vəsiqə almaq məqsədilə seçim seminarına Azərbaycanın 7 beynəlxalq dərəcəli referisi – Elshən Quliyev - ATF-in baş hakimi, Oh Kvang Cheol, Gunduz Abdullayev, Elşad Məmmədov, Ramal Camalov, Ramal Əskərov və Etibar İbrahimov da qatılacaq ki, onlardan beş nəfəri daha təcrübəlidir. Seminar dörd gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə