Azərbaycan Qida və Qablaşdırma Şirkətinin (AQQ) "Milla" brendi ölkəmizdə keçiriləcək Formula 1 Avropa Qran Prisinin promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubuna (BMK) dəstək göstərəcəyini bəyan edib. SİA-nın məlumatına görə, BŞH-nın Əməliyyatlar şöbəsinin və BMK-nun rəhbəri Çingiz Mehdiyev, BŞH-nın Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim və AQQ-nin baş meneceri Filip Raytın iştirakı ilə əməliyyat şirkətinin mərkəzi ofisində baş tutan görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın inkişafına dair razılığa gəliblər.
Tədbirdə çıxış edən BŞH rəsmisi Çingiz Mehdiyev əməkdaşlığa görə "Milla" brendi rəhbərliyinə öz təşəkkürünü bildirib: "Öz məhsulları ilə bu yay Bakıda baş tutacaq möhtəşəm yarışda əhəmiyyətli rol oynayan marşallar komandasına verdiyi dəstəyə görə Milla şirkətinə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, bu əməkdaşlıq yarışın yüksək əhval-ruhiyyədə keçməsinə öz töhfəsini verəcək".
AQQ-nin baş meneceri Filip Rayt çıxışında bu əməkdaşlıqdan böyük qürur duyduğunu bildirib: "Bu il Bakı möhtəşəm yarışa ev sahibliyi edir. Belə bir əlamətdar məqamda məhsullarımızla yarışın marşallarına dəstək göstərmək fürsətinə sahib olduğumuz üçün olduqca şadıq".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB