Azərbaycan idmanında itki

Azərbaycan idman ictimaiyyətinə itki üz verib. Siasport.az xəbər verir ki, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycanın əməkdar məşqçisi, SSRİ-nin idman ustası Ağazəki Atayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ağazəki Teyyub Oğlu Atayev 8 iyun 1935-ci ildə Bakıda doğulub. O, kayak növündə dəfələrlə Azərbaycan çempionu olub. Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə milli komandasının baş məşqçisi kimi də çalışmış A.Atayevin çoxsaylı yetirmələri Respublika və keçmiş SSRİ çempionatlarında müvəffəqiyyətlə çıxış ediblər. O, Azərbaycanın əməkdar məşqçisi və SSRİ idman ustası fəxri adları ilə təltif olunub.

A.Atayev uzun müddət Azərbaycan Rəssamlıq Akademiyasında bədən tərbiyəsi və idman müəllimi, ömrünün son günlərinədək Azərbaycan Milli Avarçəkmə Federasiyasında (AMAF) məşqçi kimi çalışıb.

AMAF rəhbərliyi Ağazəki Teyyub Oğlu Atayevin vəfatından kədərləndiyini bildirir, məşqçilər, avarçəkənlər və bu sahənin bütün əməkdaşları adından mərhumun əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə