Formula-1 yarışının hazırlıq işləri yekunlaşmaq üzrədir REPORTAJ - SƏS TV
Xəbər verdiyimiz kimi, iyunun 17-dən 19-dək Bakıda ilk dəfə təşkil olunacaq Formula-1 üzrə Avropa Qran-Prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yarışa son hazırlıq işləri aparılır. Hazırda trek boyunca təhlükəsizlik baryerləri quraşdırılır. Əməliyyat şirkəti plana əsasən aparılan hazırlıq işlərini vaxtında yekunlaşdıra bilmək üçün paytaxt sakinlərindən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə yol kənarında avtomobillərini parklamamağı xahiş edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai SİA-ya açıqlamasında aparılan hazırlıq işlərindən danışıb: "Bakı Şəhər Halqasında asfalt işləri başa çatıb. Pit binası 90 faiz yekunlaşıb. Hazırda oturacaq tribunaları və təhlükəsizlik baryerləri quraşdırılır. Artıq 3 tribuna hazırdır. Bundan əlavə, 6 tribuna da quraşdırılacaq. Yolboyu qoyulan beton bloklar isə təhlükəsizlik sisteminin önəmli elementlərindədir. Şəhər sakinlərindən xahiş edirik ki, həmin ərazilərdə avtomobillərini parklamasınlar. Çünki həmin ərazilərdə işlər aprılır. İyunun əvvəlində bütün tikinti işləri başa çatacaq. Bundan sonra əməliyyat işləri başlanacaq. İyunun 14-də Bakı Şəhər Halqası ərazisinə yollar bağlı olacaq. Həmin yollar iyunun 20-də yenidən açılacaq".
N. Arpadarai bildirib ki, Formula-1 şəhərciyi olacaq Bulvarın dəniz vağzalından Azneft meydanına qədər hissəsi iyunun 15-də bağlanacaq və 16-da yarışa bilet almış şəxslər üçün açıq olacaq: "Formula-1 şəhərciyində əyləncə xarakterli tədbirlər keçiriləcək. Orada yeni qurğular və səhnələr quraşdırılacaq. "Park Bulvar"a giriş isə açıq olacaq".
Şöbə rəhbəri əlavə edib ki, Bakı Şəhər Halqasına giriş bağlı olan zaman yaxınlıqda yaşayan vətəndaşlar avtomobillərini yalnız müvafiq qurumlardan əldə etdikləri nişanlar vasitəsilə sözügedən ərazilərə daxil edə biləcəklər. Piyadalar isə bütün hallarda onlar üçün ayrılmış yerlərlə rahat şəkildə hərəkət edəcəklər.
Onu da nəzərinizə çatdıraq ki, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq. Artıq Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib.
Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti mayın 12-dən qismən məhdudlaşdırılıb. Məhdudlaşdırma iyunun 21-dək davam edəcək. Belə ki, yolun həmin hissəsində 3 zolaq avtomobillərin hərəkəti üçün bağlıdır və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilmir. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edir.
Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.
Elgün Vidadioğlu







.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB