Azərbaycan ƏFF-nin yaz turniri başa çatıb FOTOLAR

Azərbaycan ƏFF-nin yaz turniri başa çatıb FOTOLAR

Azərbaycan Əlillər Futbolu Federasiyasının təşkilatçılığı, AFFA, Bakcell şirkəti və Sahə Futbol Federasiyasının dəstəyi ilə eşitmə qabiliyyəti məhdud uşaqlar arasında futzal üzrə ənənəvi yaz turniri olub. Turnirdə mübarizəyə 3 saylı Xüsusi İnternat Məktəbinin "Şimşək", "Zirvə", 2 saylı Xüsusi İnternat Məktəbinin "Ümid" və həmin məktəblərin məzunlarından ibarət "Birlik" komandası qoşulub.

Turnirin açılış mərasimində nitq söyləyən federasiya rəhbəri Şaiq Həmidov idmançıları salamlayaraq onlara uğurlar arzulayıb. Federasiyanın fəaliyyətindən və ölkəmizdə idmanın inkişafından danışan Şaiq müəllim əlavə edib ki, belə turnirlərin keçirilməsi olduqca faydalıdır. "Azərbaycan Əlillər Futbolu Federasiyası 2007-ci ildən fəaliyyət göstərir. Federasiyamızın əsas məqsədi eşitmə qabiliyyəti məhdud insanların futbola cəlb edilməsi, onlar arasında futbolun təbliğ edilməsidir. Yaxşı bilirik ki, idman insanlara fiziki və mənəvi cəhətdən olduqca müsbət təsir edir, psixoloji cəhətdən güclü olmağa gətirib çıxarır. Belə turnirlərin keçirilməsi futbolun inkişafı ilə bərabər, perspektivli futbolçuların təyin edilməsinə xidmət göstərir. Onu da deyim ki, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirildi. Respublikamızda futbolun inkişafı yolunda uğurlu addımlar atılır. Federasiyamızın əsas məqsədlərindən biri eşitmə qabiliyyəti məhdud olanlar arasında futbolun kütləviliyinə nali olmaqdır",- deyə federasiya rəhbəri bildirib .

Gərgin keçən mübarizədə turnirin ən yüksək zirvəsinə "Birlik" komandası ucalıb

Qeyd edək ki, federasiya ənənəvi olaraq eşitmə qabiliyyəti məhdudlar arasında ildə üç dəfə- yaz, payız və 3 dekabr-Beynəlxalq Əlillər Gününə həsr olunan futzal turniri keçirir.

Gərgin keçən mübarizədə turnirin ən yüksək zirvəsinə "Birlik" komandası ucalıb. "Zirvə" komandası II, "Şimşək" komandası isə III pillədə qərarlaşıblar.Yarışda fərqləndiyinə görə "Zirvə" klubunun idmançısı Güləli Baxşıyev "Ən yaxşı oyunçu", "Birlik" klubunun futbolçuları Mürşüd Hüseynov "Ən yaxşı qapıçı", İslam Əliyev isə "Məhsuldar idmançı" adına layiq görülüb. Qalib komandalar diplom və medallarla mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, Şaiq Həmidov Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti olmaqla bərabər, həm də Azərbaycan Paralimpiya Komitəsinin vitse-prezidentidir. Paralimpiyaçılarımızın necə çətinliklərlə medal qazandıqlarının daha yaxşı bilən Şaiq müəlim bildirdi ki, idmançıların qazandıqları hər bir medal böyük zəhmətin nəticəsində əldə olunur. "Heç bir idmançı qələbəyə asanlıqla sahib olmur. Göstərilən diqqət, qayğı idmançını qələbə qazanmağa daha da həvəsləndirir. Onlar məsuliyyət qarşısında olduqlarını yaxşı bilirlər. Elə bu məsuliyyət də idmançını qələbəyə aparır. Mən fəxr edirəm ki, ölkəmizdə idman yüksək sürətlə inkişaf edir, Vətənimiz gündən-günə çiçəklənir, yeni görkəm alır. Belə gözəl ölkədə əlbəttə ki, insan gözəl işlərlə məşğul olmaq, yaşamaq, yaratmaq istəyir. Olimpiya və Paralimpiya oyunlarında ölkəmizi ən güclü idmançılar təmsil edirlər",- deyə Şaiq müəllim bildirdi.

"Bu gün ölkəmiz bütün sahələrdə yüksək sürətlə inkişaf edir"

Paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, fədakarlıq göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar.Sevindirici halddır ki, ölkəmizdə Paralimpiya Hərəkatı sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidendi, ölkə başçımız İlham Əliyevin idmana göstərdiyi böyük diqqət nəticəsində ölkəmizdə idman daha da inkişaf edir. İdman sahəsində qazandığımız nailiyyətlərimiz isə ğöz qabağındadır. İndi idmanla hamı məşğul olmaq istəyir. İdmançı olmaq, yarışlarda vətənimizi təmsil etmək böyük şərəfdir. Bu şərəfli işlə məşğul olan bütün idmançılar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, onlara böyük qayğı və diqqət göstərilir.

Şaiq Həmidov əlavə etdi ki, ölkəmizdə Milli Paralimpiya Komitəsinin yaradılması, Paralimpiya Hərəkatının başlanması dahi lider Heydər Əliyevin adıyna bağlıdır. "Böyük şəxsiyyətin varlığı Azərbaycanın bütün sahələrdə inkişaf etməsinə, çiçəklənməsinə gətirib çıxartdı. Bu gün inkişaf etmiş Azərbaycanı bizlərə məhz ulu öndər Heydər Əliyev bəxş edib. Bu gün ölkəmiz bütün sahələrdə yüksək sürətlə inkişaf edir. Azərbaycanda müxtəlif beynəlxalq idman yarışları keçirilir,vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir, Paralimpiya oyunlarında müvəffəqiyyətlə iştrak edir. İlk Avropa Oyunları kimi mötəbər bir yarışın ölkəmizdə keçirilməsi də ən böyük uğurlarımızdan biridir. Ümid edirəm ki, bir neçə ay sonra paralimpiyaçılarımız Rio- de- Janeyroda böyük qələbələr əldə edəcəklər",- deyə Şaiq müəllim bildirdi.

R.Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə