Azərbaycan millisinin və bir neçə klubun futbolçuları hərbi xidmıtə çağrılırlar

Azərbaycan millisinin və bir neçə klubun futbolçuları hərbi xidmıtə çağrılırlar

Ölkə futbolu bu xəbərlə çalxalanır. Azərbaycan millisinin və bir neçə klubun futbolçuları hərbi xidmıtə çağrılırlar. Siasport.az xəbər veir ki, futbolçulardan yanvarın 7-də hərbi xidmətə yollanmaq tələb olunsa da, hələ heç biri əmri yerinə yetirməyib. Bu səbəbdən də hərbi çağırış vərəqəsi alan futbolçularla bağlı prokurorluğa müraciət ediləcəyi gözlənilir.
Yayılan məlumatlarda bildirilir ki, futbolçuların hərbi xidmətə çağırılmasında əsas məqsəd MOİK-i çətin vəziyyətdən qurtarmaqdı. Premyer Liqanı tərk etməyə bir nömrəli namizəd olan ordu klubu hərbi xidmətə aparılacaq futbolçular hesabına güclənəcək və bununla da güclülər dəstəsindəki yerini qorumuş olacaq.

Müdafiə Nazirliyininmətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev futbolçuların hərbi xidmətə çağırılması faktını təsdiq edib: "Vətənə xidmət etmək hər bir Azərbaycan vətəndaşının borcudu. Biz artıq öz mövqeyimizi ortaya qoymuşuq. Bundan sonra da qanun çərçivəsində addım atacağıq".

Hərbi xidmətə çağırıldığı iddia edilən futbolçular arasında milli komandanın əsas simaları, həmçinin iddialı klubların üzvləri və I divizion təmsilçiləri var. Ən çox futbolçusuna çağırış vərəqəsi gələn futbolçu "Neftçi"di. Belə ki, paytaxt klubunun transferə çıxardığı Fərid Quliyev, kapitan Rail Məlikov, vitse-kapitan Ruslan Abışov, "Fənərbaxça"nın transfer etmək istədiyi Amit Quluzadə, Rəşad Abdullayev və Mirhüseyn Seyidov hərbi xidmətə yollanmalı olan futbolçuların sırasındadı. Məsələni dəqiqlişdirmək üçün klubun vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq. Lakin Tahir bəy futbolçularla bağlı heç bir problemlərinin olmadığını bildirdi: "Bizim futbolçularla bağlı heç bir problem yoxdu. Bundan əvvəl başqa futbolçularımız hərbi xidmətdə olub. Hazırda isə belə bir problem yoxdu. Oyunçularımız bu gün toplanıb və sabah təlim-məşq toplanışı keçmək üçün Türkiyəyə yollanacaqlar".

Premyer Liqanın turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış "Xəzər Lənkəran"da analoji problemlə üzləşib. Belə ki, Lənkəran klubunun qapıçısı Kamran Ağayev, Rahid Əmirquliyev və yeni transfer Elnur Abdullayev hərbi xidmətə çağırılıb. "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov məsələdən xədərdar olduqlarını bildirib: "Məsələdən xəbərdarıq və hesab edirik ki, AFFA Müdafiə Nazirliyi ilə danışıqlar aparıb, çıxış yolu tapmalıdı. Əlbətdə, hər bir vətəndaş kimi futbolçu da hərbi xidmətə getməlidi. Amma məncə bu məsələdə müəyyən məqamlar nəzərə alınmalıdı. Hərbi xidmətə çağırıldığı söylənilən futbolçuların əksəriyyəti milli komandanın üzvləridi. Düşünürəm ki, millinin şərəfini qorumaq elə bir növ vətənə xidmətdi".

"Neftçi" və "Xəzər Lənkəran" kimi "Qarabağ"da əsas üzvlərini itirmək üzərdi. Belə ki, Ağdam klubunun əsas heyət üzvləri - Maksim Medvedev və Elvin Məmmədov, uzun müddətdi zədəli olan Əfran İsmayılov hərbi xidmətə çağırılıb. Hazırda İstanbulda olan "Qarabağ"ın və milli komandanın üzvü Əfran İsmayılov faktı təsdiqlədi: "Mən "Acıbadem" xəstəxanasında müayinədəyəm. Zədəm müalicə olunur. Bu məsələdən gec xəbər tutdum. Vətənə canım qurban. Hər bir vətəndaş kimi mən də vətənimə xidmət etməyə hazıram. Amma indi zədəliyəm. Lazım olsa, gedib zədəli olmağım və müalicə almağımla bağlı sənədləri də göstərə bilərəm".

"Bakı" isə artıq iki üzvünü itirib. Belə ki, Bəxtiyar Soltanovla Emin Cəfərquliyev hərbi xidmətə aparılıb. Hər iki futbolçu Beyləqandakı hərbi hissədədi. Xəbəri Fanat.az-a açıqlamasında "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov təsdiqlədi: "Bəxtiyarla Emin hərbi xidmətə aparılıb. Bu işi düzüb-qoşanlara "sağ ol" deyirəm. Hər bir Azərbaycan vətəndaşı vətənə borcunu verməlidi. Amma fikrimcə, hərə bunu öz sahəsində etsə yaxşı olar. Futbolçu da vətənə xidmət edir. Heç olmasa, bir komanda yaradıb, onları bir yerə yığsınlar ki, formalarını itirməsinlər. Bu addımı MOİK-i xilas etmək üçün atıblar? İnanmıram. Amma razıyam. Qoy heç olmasa gedib, MOİK-də oynasınlar, formalarını qorusunlar".

Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə də əlaqə saxladıq. Amma nədənsə Ramin bəy məsələdən xəbərsiz olduğunu bildirdi. PFL rəhbəri həmçinin bu məsələ ilə bağlı heç bir addım atmadıqlarını da qeyd etdi: "Mənim bu məsələdən xəbərim yoxdu. Olsa belə, neyləməliyəm ki? PFL bununla bağlı hanası addımı ata bilər? Hər bir vətəndaş vətənə borcunu yerinə yetirməlidi, o cümlədən də futbolçular. Ağılları var idi, vaxtında hərbi xidmətə gedərdilər. Düşünmürəm ki, həmin oyunçuların hərbi xidmətə getməsi Premyer Liqanın səviyyəsinə təsir edəcək. Çünki onlar hamısı bir komandadan deyil. Klubların hər birinin 25-26 oyunçusu var". // fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə