Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının iclası öz işinə başlayıb FOTOLAR

Bakıda İslam Həmrəyliyi İdman Federasiyasının iclası öz işinə başlayıb FOTOLAR

Bu gün İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə Komissiyasının sayca 3-cü iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK-un vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edirlər.

Tədbirdə son görüşdən sonra IV İslam Həmrəyliyi Oyunlarının həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılır.

Qeyd edək ki, bu gün saat 14:30-da iclasla bağlı media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Onu da nəzərinizə çatdıraq ki, bu günün ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.

Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq.

Sabah IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar olaraq MOK-ların "Açıq gün" iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı Oyunların təhlükəsizlik, akkreditasiya, nəqliyyat və s. kimi məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə