Nərimanov rayonunda mini-futbol turnirinin qalibləri mükafatlandırıldı SƏS TV
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Nərimanov rayonunda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri arasında "Tələbə Kuboku" mini-futbol turnirinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun müşaviri Yusif Babanlı və digərləri iştirak ediblər.
Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbiri giriş nitqi ilə açaraq bütün yarış iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təbrik edib. O, Nərimanov rayonunda yalnız mini-futbol deyil, bir çox idman növləri üzrə belə turnirlərin uğurla təşkil edildiyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışan idarə rəisi, məhz Ulu Öndərin əvəzolunmaz xidmətləri nəticəsində Azərbaycanın bütün sahələrdə uğurlara imza atdığını qeyd edib.
N.Novruzov mini-futbol turnirində iştirak edən 12 komandaya ədalətli, "fair-play" qaydalarına əməl etməklə mübarizə apardıqlarına görə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə təbrik edərək, Ümummilli Liderin müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açıb. O, Ulu Öndərin ölkənin bütün sahələrinə diqqət ayırdığını, uğurlu siyasət apardığını vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursunu və ideyalarını uğurla davam etdirir.
Nazir müavini qalibləri təbrik edərək, yarış iştirakçılarına gələcək həyatlarında uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə Azərbaycanda olan idman qurğuları sıradan çıxmış, bir çoxu isə başqa məqsədlər üçün istifadə edilmişdi. Bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün idman qurğuları yüksək standartlarla təmir olunub, yeniləri inşa edilib və gənclərin istifadəsinə verilib. O, Ümumilli Liderin idman və idmançılara xüsusi diqqət göstərdiyini vurğulayıb. Rayon təşkilatının sədri turnirin qaliblərini təbrik edib.
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorunun müşaviri Yusif Babanlı mərasim iştirakçılarını rayon gəncləri adından təbrik edib. O, məhz Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmana göstərdiyi diqqət və qayğısının nəticəsi olaraq idmançılarımızın beynəlxalq səviyyədə yüksək nailiyyət qazandıqlarını, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev hazırda bu uğurlu siyasəti layiqli şəkildə davam etdirir.
Daha sonra turinirin qaliblərinə kubok, medal və diplomlar təqdim olunub. Yarışda 3-cü yerə Azərbaycan Kooperasiya Universitetinin, 2-ci yerə Bakı Avrasiya Universitetinin, 1-ci yerə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası çıxıb.
Təhsil nazirinin müavini, Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov qalib komandaya kuboku təqdim edib.
Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münaibəti ilə Nərimanov rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında keçirilən şahmat üzrə turnirin qalibləri mükafatlandırılıb.
Yarışda 3-cü yerə Təfəkkür Universitetinin, 2-ci yerə Azərbaycan Turizm İnstitutunun, 1-ci yerə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası layiq görülüb.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB